Müsahibə

Tahir Gözəl: “Arzum Çempionlar Liqasının qrup mərhələsidi”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərə müsahibə verib.

İdmanxeber.com həmin müsahibəni təqdim edir.

– Çoxları “Qarabağ”ın bu mövsüm avrokuboklarda uğurlu çıxış edəcəyini gözləmir. Siz necə düşünürsünüz?

– Mən belə düşünmürəm. “Qarabağ”a inanıram. Ümid edirəm ki, yenə əvvəlki illərdəki kimi mübarizə aparacağıq və hədəflərimizə çatacağıq.

– Reynaldo Silva komandanı tərk edib. Dani Kintana isə zədəlidir. Onların yoxluğu “Qarabağ”a necə təsir edəcək?

– Daninin olmaması çox böyük itkidir. Amma əlimizdən gələni edəcəyik ki, onun yoxluğunu his etdirməyək. Yenə deyirəm, motivasiyamız var. Komandamızın baş məşqçisi Qurban Qurbanova inanıram.

– Çempionlar Liqasının qrupunu arzulayırsınız, yoxsa Avropa Liqasının?

– Mənim arzum əlbəttə ki, Çempionlar Liqasının qrupudur.

– Bunun üçün heyəti gücləndirmək lazımdır. Yeni futbolçuların komandaya cəlb edilməsi gözlənilir?

– Bu qərarı baş məşqçimiz verəcək. Qurban müəllim desə, biz sponsor olaraq futbolçu gətirməyə hazırıq. Bilirsiniz ki, yaxşı futbolçu tapmaq asan iş deyil. Qurban Qurbanov baxır, nümayəndələrini sağa-sola göndərib. Bir nəticə olsa, hazırıq.

– Bu il “Qəbələ”yə qarşı oyunlardan öncə və sonra çox söz-söhbətlər yayılır. Bu, sizi narahat etmir?

– Yox. Mən üzülürəm, buna razı deyiləm. Biz Azərbaycanı təmsil edən komandalarıq. “Qəbələ” son vaxtlar yaxşı oynayır, güclü klubdu və düşünürəm ki, bundan sonra da güclü olacaqlar. Bu, futboldur. Futbolda uduzmaq da, qələbə qazanmaq da var. “Qəbələ” bizə yaxşı müqavimət göstərdi və buna görə onları təbrik edirəm. Mən “Qəbələ”nin bizdən öndə olmasında qeyri-adi nəsə görmürəm. Oynadılar və qazandılar. Burda heç bir problem yoxdu.

– 8 komandalı çempionatda liderlərlə autsayderlər arasında fərq olduqca böyükdür.  Bu, “Qarabağ”ın avrokuboklardakı çıxışına təsir edəcəkmi?

– Əlbəttə, təsiri olacaq. Amma biz bununla razılaşmalıyıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı çıxış edək. Amma istəyirik ki, çempionatda 10 komanda olsun. Amma hesab edirəm ki, çox pis deyil. “Qəbələ” kimi, “İnter” kimi mübarizə aparan klublarımız var.

– Kubokdakı rəqibiniz “Neftçi”dir və paytaxt klubu qışdan sonra ən formada olan komandalardan biridir. Çətin olmayacaq?

– Bəli. Razıyam ki, “Neftçi” yaxşı çıxış edir. Həmin oyun mənim üçün tarixi matç olaaaq. Düşünürəm ki, “Neftçi” ilə oyun bu ilin ən yaxşı oyunlarından biri olacaq və həmin oyunu böyük həvəslə gözləyirəm.

– Komandanı necə motivasiya edəcəksiniz?

– Bizim öz yollarımız var (gülür).  Hər sirrimizi demək olmaz. Amma həmin oyuna şəxsən müdaxilə edəcəm.

– Son turda “Neftçi” ilə səfərdə qarşılaşacaqsınız və həmin oyundan sonra çempion ola bilərsiniz. “Neftçi”nin stadionunda çempion olmaq sizə fərqli hisslər yaşadacaq?

– Bu, bizim üçün ən böyük zövq olacaq. Amma “Qarabağ” iddialıdır və bunu “Neftçi”yə xəbərdarlıq etmək istəyirəm. Mən inanıram ki, möhtəşəm “Qarabağ” görəcəklər, biz buna hazırlaşırıq.  Futbolçular bilir ki, mən o oyuna çox həssasam.

– Demək istəyirsiniz ki, “Neftçi” ilə oyun sizin üçün “Qəbələ” ilə oyundan maraqlıdır…

– Mənim üçün həmişə belə olub. Mən həmişə demişəm ki, bu rəqiblərin oyunu şirlərin savaşı olub. Oyun mənim üçün çox maraqlı olacaq. Xüsusən də “Neftçi”nin meydanında qələbə qazanmaq istəyirik.

–  Ötən ildə “Qarabağ”ın büdcəsində hər-hansı problem olmayıb?

– Yox. Şükürlər olsun ki, büdcəmiz stabildir. Büdcəmiz böyümür, keçən ilki büdcəmizi saxlayırıq. Bu çətin şəraitdə sponsorumuz “Azərsun Holdinq” böyük bir fədakarlıq göstərir. Mən sizi əmin edirəm ki, “Qarabağ” adı bizim üçün çox önəmlidir. Bu gün cəbhədə döyüşlər gedir, acı xəbərlər alırıq.  Ona görə də biz öz məsuliyyətimizi bilirik. Özəlliklə bu günlərdə “Qarabağ”ın adını yaşatmaq bizim üçün çox önəmlidir. Bunu sponsorumuz da, biz də bilirik. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43