Müsahibə

Tale Heydərov: “Mükafat futbolçuların haqqıdır” (MÜSAHİBƏ)

“Qəbələ”nin prezidenti Taleh Heydərov Avropa Liqası II təsnifat mərhələsində cavab görüşü çərçivəsində keçirilən “Qəbələ” – “Çukariçki” (2:0) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.  

İdmanxeber.com-un məlumatına görə, Heydərov komandasının daha da irəli gedə biləcəyini deyib.

– Rəqibin vuracağı bir qol “Qəbələ”nin işini çətinə salacaqdı. Bunu nəzərə alsaq, matçı izləyərkən  həyəcan keçirirdiniz?
– Şübhəsiz ki, oyunun sonuna doğru hər birimizdə həyəcan var idi. Bu da normaldır. Çünki komanda tarixi uğurun astanasında idi. Şadam ki, komandamız növbəti mərhələyə vəsiqə qazanmağı bacardı. “Qəbələ” ilk dəfədir belə bir uğura imza atır. Ona görə bu qələbəmiz bizi daha çox sevindirdi.

– Komandanın oyununda sizi narazı salan nəsə oldu?
– Düşünürəm ki, müəyyən səhvlər var idi. Amma bu, elə də böyük problemlər deyil. Zaman keçdikcə hər şey yoluna düşəcək. Çünki komandamızda yeni futbolçular çoxdur. Onların tam uyğunlaşması üçün vaxt lazımdır. Buna baxmayaraq “Qəbələ” hər oyunda daha yaxşı çıxış etməyə çalışmalıdır. O zaman səhvlər də azalacaq. Əsas odur ki, biz “Çukariçki”dən yaxşı oynadıq və qələbə qazandıq. Gələcək matçlarda daha yaxşı oynayacağımıza da inanıram.

– Avropa Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmaq komandanız üçün maksimum hədəf idi, yoxsa daha da irəli getmək mümkündür?
– Komandanın, oyunçuların, məşqçilərin potensialını hamı görür. Rəhbərlik də hər zaman onları dəstəkləyir. Bütün bunları nəzərə alsaq, yenə mərhələ adlamaq üçün potensialımızın olduğunu demək olar. Hesab edirəm ki, güclərini maksimum ortaya qoysalar, daha böyük uğurlara imza ata bilərlər.

– Paltardəyişmə otağına daxil olduğunuzda futbolçuların səs-küyü yüksəldi. Deyəsən, onlara mükafat vəd etdiniz?
– Bəli, futbolçular mükafat alacaqlar. Çünki klub ilk dəfədir belə bir uğura imza atır. Mükafat onların tam haqqıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43