İdman

Tərlan Əhmədov: “Belə olsa, istefa verəcəm”

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində  “Neftçi” doğma divarlar arasında “Qəbələ” ilə üz-üzə gəlib.
İdmanxeber.com-un məlumatına görə, oyunsonrası keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov matçla bağlı fikirlərini bölüşüb: 

“Kubok oyunu elə bir oyundu ki, çox səhv edən məğlub olur. Hesabı açdıqdan sonra uşaqlar arxayınlaşdılar. Bunun da bədəlini məğliubiyyətlə ödədik. Futbolçular mən istədiyim oyunu sərgiləmədilər. Mənim istədiyim futbolu görmədim. Fikrimizi çempionata yönəldəcəyik. Məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdı”.

– Məğlubiyyəti nə ilə əlaqələndirərdiniz? 

– Meydançaya ən optimal heyəti buraxmışdım. Cinahlardan hücum təşkil olunmurdu. Səfərdə qalib gəlmişdik. Çempionat görüşündə “Zirə”ni səfərdə üstələmişdik. Bəlkə də futbolçular bu səbəblərə görə arxayınlaşdılar.

– Azərbaycan kubokunda mübarizəni dayandırmağınız çempionat görüşlərinə köklənməyinizə müsbət təsir edəcəkmi?

– Bilmirəm, mən münəccim deyiləm. İnşallah, bunu zaman göstərəcək. İnanırıq ki, uşaqlar özü-özlərini motivasiya edəcəklər.

– Səbəb olduğu penalti üçün Ruslan Abışov əvəzlənmək istəyirdi…

– Belə şeyə görə futbolçunu əvəzləməzlər. Mən ona etiraz etdim ki, səni oyundan çıxarmayacam. Səhv futbolçuya məxsus olan bir şeydi. 

– Kubokda mübarizəni dayandırdınız, ölkə çempionatında da Avropa Liqasına vəsiqə qazana bilməsəniz, istefa verəcəksiniz?

– Bəli, istefa verəcəm. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43