Ölkə futbolu

Tərlan Əhmədov klub prezidenti ilə görüşdü, bir çox məsələlər müzakirə olundu

İki gün öncə AZAL-a baş məşqçi təyin olunan Tərlan Əhmədov bu gün klubun prezidenti Zaur Axundov tərəfindən qəbul edilib.

İdmanxeber.com-un məlumatına görə, AZAL-ın prezidenti Z.Axundov,vitse-prezident Fikrət Hüseynov və yeni baş məşqçi Tərlan Əhmədovun iştirak etdiyi görüşdə bir sıra məsələlər müzakirə edilib.

Zaur Axundov T.Əhmədovu təyinat münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O bildirib ki, hazırda klubun qarşısında duran əsas vəzifə yaranmış böhranlı vəziyyətdən tez bir zamanda çıxmaq və komandanın əvvəlki nüfuzunu bərpa etməkdir. Məhz bu səbəbdən baş məşqçiyə müvafiq tapşırıglar verilib.

Bu görüşdə həmçinin AZAL-ın növbəti mövsüm üçün strategiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Növbəti ölkə çempionatında yüksək yerlər uğrunda mübarizə aparmağa və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan komanda formalaşdırmaq T. Əhmədovun əsas işi olacaq.  Klub rəhbəri eyni zamanda cari problemlərin aradan qaldırılması üçün müvafiq göstərişlər verib. Vitse-prezident F. Hüseynova tapşırılıb ki, verilən göstərişlərin icrasını nəzarətə götürsün və bununla baglı vaxtında hesabatlar versin.

Görüşdə bir daha vurğulanıb kı, AZAL qısa  zaman kəsiyində  “qara zolaqdan” çıxacaq və qarşıdakı oyunlarda öz azarkeşlərini qələbələrlə sevindirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43