İdman

Tokio Yay Olimpiya Oyunları üçün karate yarışlarında çəki dərəcələri müəyyənləşib

2020-ci il Tokio Yay Olimpiya Oyunlarında karate yarışlarında iştirak edəcək idmançıların çəki dərəcələri müəyyənləşib. 

İdmanxeber.com-un Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bununla bağlı qərar Ümumdünya Karate Federasiyasının (WKF) Avstriyanın Lints şəhərində keçirilən növbəti Konqresində qəbul olunub.

Karate döyüş idman növü ilk dəfə olimpiadada kişi və qadınların hər birində 3 çəki dərəcəsində və kata yarışları üzrə keçiriləcək. Kişilər kumitedə 67 kq, 75 kq və 75 kq-dan yuxarı, qadınlar isə 55 kq, 61 kq və 61 kq-dan yuxarı çəki dərəcələrində və fərdi kata yarışlarında mübarizə aparacaqlar.

Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və katada 10 idmançı çıxış edəcək. Olimpiadada komanda yarışları keçirilməyəcək.

Olimpiya təsnifatında WKF-nin reytinq cədvəlinə əsasən dörd idmançı, xüsusi lisenziya yarışlarından üç idmançı, təşkilatçı ölkə kimi Yaponiyadan bir idmançı, qitələr arasında mümkün qədər bərabər iştirakçı sayı yaratmaq üçün reytinq əsasında WKF tərəfindən bir idmançı lisenziya qazanacaq. Həmçinin hər bir qitənin təmsil olunması üçün daha bir vəsiqə karatenin zəif inkişaf etdiyi ölkələrə “wild kard” prinsipi üzrə təqdim ediləcək. Avropa və dünya çempionatlarının mükafatçıları olimpiadaya birbaşa vəsiqə qazana bilməsələr də, onların nəticələri reytinqlərinə müsbət təsir edəcək.

Bununla yanaşı, Konqresdə WKF-ə rəhbərlik edən Antonio Espinos, səsvermədə iştirak edən 82 nümayəndə heyətindən 79 səs toplayaraq daha 6 il müddətinə təşkilatın prezidenti seçilib.

Günün sonunda böyüklərin 24-cü dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. 2 ildən bir keçirilən karate üzrə ən böyük yarışda 118 ölkədə 1024 idmançı iştirak edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43