Ölkə futbolu

“Topaz”ı necə ziyana salmaq olar? – YAZI

Dünya çempionatının başlamasına cəmi bir neçə gün qalır. Dördilliyin ən böyük futbol bayramına arazkeşlər kimi bukmeyker kontorları da cidd-cəhdlə hazırlaşırlar. Artıq dünyanın bütün kontorları çempionat oyunları üçün əmsallarını açıqlayıblar – kim çempion adını qazanacaq, qrupdan hansı komandalar çıxacaq, bombardir kim olacaq və s. və i.a. Azərbaycanda fəaliyyət göstərən “Topaz” da əcnəbi bukmekerlərdən geri qalmayıb. Artıq yeganə qanuni bukmeker kontorumuz da qrup oyunları ilə yanaşı bəzi mərclərin də əmsallarını elan edib. Amma nə gündə? Həmişə olduğu kimi bu dəfə də “Topaz”ın təqdim etdiyi əmsallar əcnəbi kontorlarınkılardan çox aşağı olması ilə diqqət çəkir. Bu yazıda həmin əmsalları müqayisə etməklə yanaşı mərc qoyanlara dünya çempionatından xeyirlə çıxmağın bəzi yollarını da göstərəcəyik.

Əvvəl başlayaq əmsallardan. Bu məqsədlə artıq bir neçə ildir ki, dünya bazarında fəaliyyət göstərən və kifayət qədər çəkiyə malik olan gamebookers.com-la ölkəmizdə fəaliyyət göstərən “qara bazar”ın daha çox müracifət etdiyi Rusiyanın marathonbet.com-a baş vurduq. Fərq dərhal hiss olundu. Əgər “Topaz” çempionatın açılışında Braziliya və Xorvatiya millilərinin qarşılaşacağı oyunda meydan sahiblərinin qələbəsinə 1,15 əmsal verirsə, gamebookers.com-da bu rəqəm 1,33, marathonbet.com-da isə 1.29-dur. Mərcsevərlərin daha çox müraciət etdiyi “alt”-”üst”ün də əmsallarında kifayət qədər uçurum var. “Topaz” sözügedən qarşılaşma “üst” bitəcəyinə 1,60, “alt” bitəcəyinə isə 1,90 əmsal verir. gamebookers.com-da həm “alt” həm “üst” üçün 1,87, marathonbet.com-da isə əmsallar uyğün olaraq 1.95 və 1.97-dir. Bu isə o deməkdir ki, mərcsevər Braziliyanın qələbəsinə 100 manat pul qoyarsa, “Topaz”da 15, marathonbet.com-da 29, gamebookers.com-da isə 33 manat qazanc əldə edəcək. Və ya oyunun “üst” bitməsi fikrindədirsə və yenə də 100 manat pul “atarsa”, “Topaz”dakı qazanc 60, gamebookers.com-da 87, marathonbet.com-da isə 97 manat olacaq. Məhz bu üzdən mərcsevərlərin çoxu ya internet vasitəsilə gamebookers.com-a, ya da “qara bazar”a üz tutacaqlar.

Digər oyunların əmsalları arasında da fərq böyükdür. Rəqəmlərlə uzun-uzadı başınızı ağrıtmaq istəmirik. Təkcə bir məqamı qeyd etmək kifayətdir – bizimkilər Meksika – Kamerun matçının favoriti hesab edilən meksikalıların qələbəsinə verdikləri əmsal 1.90-dırsa, ingilislərdə 2.30, ruslarda isə 2.36-dır.

“Topaz” çempionat üçün bəzi xüsusi əmsallar da təqdim edir. Məsələn, hansı komandanın çempion olacağı ilə bağlı mərc. Diqqət yetirsək, “Topaz” turnirin favoritlərindən hesab edilən Braziliyanın çempion olacağına 3.0 əmsal verir. Gamebookers.com-da bu rəqəm 4.00, marathonbet.com-da isə 3.85-dir.

Xüsusi əmsallardan söz açmışkən, “Topaz” hələlik ancaq qrup qalibləri və çempion olacaq komandalarla bağlı əmsalları təqdim edir. Gamebookers.com-da isə nəyə istəsən mərc yatıra bilərsən – turnirin bombardiri, oyunlardakı künc zərbələrinin sayı, qolların vurulma vaxtı, sarı və qırmızı vərəqələr… hətta oyunda topa ilk zərbəni hansı futbolçunun vuracağı və ya ilk autu hansı komandanın atacağı ilə bağlı mərclər. Bir sözlə, adam az qalır başını itirsin. Əslində, bunun mənfi tərəfləri də var. Mərcsevər bu qədər əmsalların qarşısında fikirlərini cəmləyə bilmir ki, bu da kontorların işinə yarayır.

Gəlib çatdıq yazının ikinci hissəsinə. “Topaz”da mundialın bütün oyunlarına tək mərc qəbul edir. Yaxşı haldır və bundan maksimum istifadə etmək lazımdır. Bütün bukmeker kontorlarının heç-heçəyə ən azı 3.0 əmsal təqdim etməsi heç kimə sirr deyil. Hər hansı oyunun heç-heçə başa çatacağını proqnozlaşdırmaqla və müəyyən ardıcıllığı qorumaqla çempionatı uduşla başa vurmaq mümkündür. Bunun üçün “piramida” adlanan üsuldan istifadə etmək daha yaxşıdır. “Piramida”nı bilənlərə xatırlatmaq, bilməyənlərə isə bu üsulla necə “pul qazanmağ”ın mümkün olması barədə məsləhət vermək istəyirik. Çempionatın açılış oyununda Braziliya-Xorvatiya matçının heç-heçə başa çatacağına 1 manat yatırım edin. “Topaz”da əmsal 5.20-dir. Əgər oyun həqiqətən heç-heçə başa çatarsa, bu zaman 4 manat 20 qəpik uduş əldə edəcəksiniz. Və növbəti Meksika-Kamerun oyununa da elə 1 manat mərc qoymaq lazımdır. Bu matç tərəflərin birinin qələbəsi ilə yekunlaşarsa, 3-cü oyun olan İspaniya-Hollandiya görüşünə məbləği 2 dəfə artıraraq, 2 manat yatırım edin. Əmsal 3.20-dir. Oyunun sülhlə başa çatacağı halda uduş 6.40 qəpik olacaq. Bu isə Meksika-Kamerun və İspaniya-Hollandiya oyunlarına “atdığınız” 3 manatdan əlavə 3 man 20 qəpik qazanc deməkdir. Qısası, heç-heçə qeydə alınmayana kimi məbləği 2 dəfə artırmaq lazımdır. Sual yarana bilər – nəyə görə ilk mərc 1 manatdan başlamalıdır? Məsələ burasındadır ki, bir neçə oyun ardıcıl heç-heçə başa çatmaya bilər. Bu halda faciədən qaçmaq üçün kiçik məbləğdən başlamaq lazımdır. Məsələn, ilk oyuna 10 manat yatırım etsəniz və Fil Dişi Sahili – Yaponiya (8-ci oyun, əmsal 3.00) oyununa kimi heç bir oyun bərabərliklə başa çatmasa, onda həmin matça 1280 manat “atmalı” olacaqsınız. Çoxları buna risk etməyəcəklər. Amma 1 manatdan başlasanız, bu məbləğ 10 dəfə az – 128 manat təşkil edəcək. Heç-heçə təqdirində bu oyuna kimi itirdiyiniz pulları çıxarmaqla yanaşı mükafatsız da qalmayacaqsınız – 128 manat.

2010-cu və 2006-cı illərdə keçirilən dünya çempionatlarına bu formada pul yatırsaydınız nə qədər qazanc götürərdiniz? Kiçik bir araşdırma apardıq. Həmin araşdırmanın nəticəsini təqdim etmədən öncə daha bir məsləhətimiz də var – qrup mərhələsinin son turunda bir qədər dincəlməyiniz məsləhətdir. 1/8 finalda qaldığınız məbləğdən oyuna davam etmək daha yaxşıdır. Axı, qrup mərhələsində 3-cü turun oyunları eyni vaxtda başlayır və bu üzdən hansı matçın heç-heçə başa çatacağını müəyyənləşdirmək mümkün deyil. Əgər 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən 19-cu dünya çempionatında “piramida”ya müraciət etsəydik və 1 manatdan başlasaydaq, final oyunundan sonra uduşumuz ən azı 289 manat təşkil edərdi. Qeyd edək ki, hesablama apararkən heç-heçəni demək olar ki, ən aşağı əmsalla – 3.00-lə nəzərə almışıq. Elə oyunlar var idi ki, məsələn, İngiltərə – Əlcəzair (0:0) qarşılaşmasında heç-heçəyə ən azı 5.00 əmsal təklif olunurdu ki, bu da uduşun məbləğini xeyli artması demək idi. Bundan 4 il əvvəl Almaniyada keçirilən mundialdakı uduş isə xeyli çox – 691 manat təşkil etmiş olardı.

Bu yerdə mərcsevərlərə bir məqamı diqqətdən qaçırmamaq tövsiyyə olunur. Məsələ burasındadır ki, oyunlar Bakı vaxtı ilə ən tezi axşam saat 9-da, ən geci isə səhərə yaxın – saat 6-da başlayır. Bu zaman “Topaz” məntəqələri işləyəcəkmi? Çətin məsələdir. Düzü, adamın heç inanmağı gəlmir. Deməli, bu halda pul qoyuluşu etmək mümkün olmayacaq. Amma çıxış yolu var. “Stavka”ları e-topaz vasitəsilə etmək mümkündür. İnternetdə əcnəbi kontorlara pul yatırmaq isə bir qədər risklidir. Çünki, onlardan uduşu almaq heç də həmişə mümkün olmur. Fikrimizcə, oyunların gec başlaması “qara bazar”a sərf edəcək. Lori dildə desək, “qara bazar”da alver “xod” gedəcək.

Qumarda belə bir deyim var – oynamayan qalib gəlir. “Stavka” qoymaq da qumarın bir formasıdır. Bu üzdən oynamamağı tövsiyyə edirik. Pulu artıq olanlara, rahat qazanmaq istəyənlərə isə məsləhətimizi verdik. Çempionatdan sonra uduşları hesablayaraq – təbii ki, “Topaz”ın təqdim etdiyi ən aşağı əmsallarla.

“Het-trik news”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43