Milli komanda

“Uşaqlar klubları artıq yaddan çıxarıblar” – Maksim Medvedev

“Komandada ab-hava yüksəkdir. Uşaqlar klubları artıq yaddan çıxarıblar, fikirlərini milliyə yönəldiblər”.

İdmanxeber.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Maksim Medvedev Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla keçiriləcək səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Sabah Nur-Sultandakı “Astana Arena”da baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bildirən 32 yaşlı müdafiəçi rəqiblər barədə ətraflı məlumata malik olduqlarını söyləyib:

“Başa düşürük ki, yeni turnirə başlayırıq. Rəqiblərimizi təhlil etməyə başlamışıq. Onların güclü və zəif cəhətlərini analiz edirik. Sabah ən optimal formada meydana çıxmağa çalışacağıq. İlk “11-lik”də çıxacaq uşaqlar özlərini ən yaxşı tərəfdən göstərəcəklər”.

Medvedev gərgin mövsümün ardından futbolçularda yorğunluq olmadığını əlavə edib:

“Klubdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxt olub. Baş məşqçimiz də bunu nəzərə alaraq uşaqları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43