İdman

Velosipedçiləri Kiyevdə növbəti reytinq xallarını qazandılar

Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park” yarışları silsiləsinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, 21 Pro-kontinental, kontinental və milli komandanın iştirak etdiyi 3 günlük yarış Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku”nun reytinqimizə növbəti xallar əlavə etməsi ilə yadda qalıb.

Ukraynaya Elçin Əsədov, Samir Cəbrayılov, Elgün Əlizadə, Musa Mikayılzadə, Kənan Qəhrəmanlı və İsmayıl İlyasovdan ibarət heyətlə yollanan “Synergy Baku” ilk gündə 160 kilometrlik “Horizon Park Race for Peace” turunda mübarizə aparıb. Elçin Əsədovun finiş xəttini 7-ci keçməsi aktivimizə 5 reytinq xalı qazandırıb.

Ümumi uzunluğu 116 kilometr olan “Horizon Park Race Maidan” turu Elçin Əsədovun 9-cu olması və 3 reytinq xalının qazanılması ilə yadda qalıb. Yarışlar silsiləsinin sonuncu günündə isə Samir Cəbrayılovun 96 kilometrdən ibarət “Horizon Park Classic”də 8-ci yeri tutması daha 3 xalla əlamətdar olub.

Qeyd edək ki, yığma komandamızın üzvlərinin yarışlarda qazandıqları xallar onların öz reytinqləri ilə yanaşı, milli komandamızın da aktivinə əlavə olunub. Hazırda Beynəlxalq Velosipedçilər İttifaqının 112 ölkənin yer aldığı reytinq sıralanmasında Azərbaycan 832 xalla 38-ci yerdədir. Siyahının ilk 5 pilləsində Belçika, Kolumbiya, İspaniya, İtaliya və Fransa yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43