Kateqoriyasız

Xarakterin mükafatı, yenilənmiş “Sabah”ın köhnə tərzi

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü start götürdü.

İdmanxeber.az-ın məlumatına görə, baş tutan 4 qarşılaşmada qapılara ümumilikdə 8 qol vuruldu.

Təlim-məşq toplanışından sonra avrokuboklarda mübarizə aparmayan komandaların çıxışı diqqət çəkirdi. Əgər biz “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın hansı durumda olmasını avrokubok matçlarında gördüksə, digər 4 komandanın yeni mövsümə necə hazırlaşması ilə bağlı sualların cavabını ilk turdaca qismən də olsa tapa bildik.

Qeyri-müəyyən “Sabah”…

Turun açılış matçı Masazırda oldu. Heyətinə kifayət qədər yaxşı ödənişli futbolçular cəlb edən “Sabah” ötən mövsümün zəiflərindən – “Səbail”i qonaq etdi. Gözlənildiyi kimi görüş ev sahiblərinin üstünlüyü şəraitində keçdi. Lakin qonaqlar standart vəziyyətdən hesabı açaraq “Sabah”a qol vurmağın yolunu göstərdi. Sona kimi nəticəni qoruyan Aftandil Hacıyevin komandası 3 xalı qazanan tərəf oldu.

Müdafiədə olduqca zəif təsir bağışlayan Ramin Qulyevin yetirmələri hücumda da dişsiz görünürdü. Səliqəsiz oyun sonda nəticədə öz əksini tapdı. Düzdü, ilk turdan sonra “Sabah”la bağlı hansısa fikir səsləndirmək tez olar. Lakin tək reallıq budur ki, bu komanda ötən mövsümkü komandadan yalnız yeni dizayn olunmuş forması ilə seçilir.

Qaldığı yerdən davam…

“ASK Arena”da keçirilən “Keşlə” – “Sumqayıt” oyununda da qonaqlar qələbə qazandı. Ancaq insaf naminə demək lazımdı ki, “Keşlə” bu matçda xeyli qol imkanlarını sağa-sola xərclədi. Oyun keyfiyyəti olduqca aşağı düşən “Sumqayıt”dan fərqli “Keşlə” bu mövsümə daha hazır görünür. Əgər komanda qol vurmaq yollarındakı poblemi də həll edə bilsə, bu mövsüm ilk 4-lük üçün mübarizədən qalib ayrıla bilər.

Xarakterin mükafatı

“Zirə” və “Qarabağ” arasında baş tutan matç daha diqətçəkən oldu.  Qarşılaşma istər qol imkanları, istərsə də hakim səhvləri baxımından ilk tura damğasını vurdu. Daha səliqli müdafiə olunan “Zirə” hücumda da daha istəkli görünürdü. Komanda hesabda geri düşməsinə baxmayaraq nəticəni lehinə dəyişə bildi. Hətta epizodların birində görüşün yan xətt hakimi “Zirə”nin qaydalar çərçivəsində vurulmuş qolunu qeydə almamaqla Rəşad Sadıqovun komandasını mümkün 3 xaldan etdi. Lakin meydan sahibləri xarakter göstərərək güclü rəqibindən bir xal qopara bildi. “Zirə”nin yeni mövsümə belə həvəsli başlaması da, xüsusi qeyd olunası məqamlardandı.

“Neftçi” can üstədi…

Son çempion “Neftçi” öz meydanında “Qəbələ”yə qalib gələ bilmədi – 2:2. Dörd qolun qeydə alındığı qarşılaşmada meydan sahibi komanda 2 qol buraxmaqla müdafiədəki problemlərin hələ uzun müddət həll oluna bilməyəcəyinə işarə verdi. Məşhur deyim var: “Şükür, pis günlər geridə qaldı. İndi daha pis günlər bizi gözləyir” – “Neftçi”də ümidverici heç nə yoxdu/qalmayıb. Avrokuboklarda da sərgilədiyi bərbad futbolla azarkeşlərini üzən “Neftçi” üçün bu mövsüm çox çətin olacaq. Rəhbərliyin transfer məsələlərinə ciddi yanaşmaması komandanın nəticələrində öz əksini tapır. “Ağ-qaralar” düşdüyü durumdan tez bir zamanda çıxa bilməsə,

Qonaq komanda “Qəbələ” üçün isə eyni şeyləri demək olmaz. Premyer Liqanın yeganə əyalət təmsilçisi olan “qırmızı-qaralar” biraz da diqqətli olsaydı, səfərdən 3 xalla qayıda bilərdilər, Görünən odur ki, Elmar Baxşıyev komandasını bu mövsümə daha yaxşı hazırlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43