Ölkə futbolu

“Xəzər Lənkəran”dan daha bir rəsmi transfer

“Xəzər Lənkəran” makedoniyalı Deyan Blajevskini heyətinə cəlb edib. Futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Hücumda və yarımmüdafiənin solunda çıxış edən 28 yaşlı Blajevski peşəkar yoluna yerli “Pelister”də başlayıb. 2008-ci ildən etibarən futbolçunun karyerasında Yunanıstan dönəminə start verilib. “Asteras”, “Veria” və “Pierikos”da çıxış etdikdən sonra, Deyan ölkəsinin “Turnovo” klubu ilə müqavilə imzalayıb.

Bu komandada iki ilə 40 qola imza atan futbolçu, hazırkı mövsümün ilk yarısından sonra Makedoniya çempionatının bombardirlər siyahısına başçılıq edir (19 qol). Makedoniya milli komandasının heyətində iki oyun keçirmiş Blajevski, burada da bir dəfə fərqlənməyi bacarıb.

Xatırladaq ki, “Xəzər Lənkəran” cari qış transfer pəncərəsində bundan əvvəl Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqo de Jesusun keçidini rəsmiləşdirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43