Premyer Liqa

“Yerli oyunçularda keyfiyyət çatışmazlığı var” – Şahin Diniyev

Azərbaycan Premyer Liqasının XXIII turunun “Səbail” – “Araz-Naxçıvan” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Maraqlı, dinamik, gərgin oyun oldu. Son dəqiqəyə qədər həm siz, həm biz, həm futbol adamları maraqla izlədi. İki komanda da qələbə qazana bilərdi. Geridəki turlara baxanda komandada irəliləyiş olduğunu deyə bilərik. İkinci hissə daha yaxşı oynadıq. Fasiləyə qədər bir xal qazandıq, fasilədən sonra iki xal itirdik. Fərdi səhvlər məni məyus edir. Sevindirən isə futbolçuların meydanda bir komanda şəklində olması idi. Düşünürəm ki, düzgün yoldayıq, sabit heyəti tapa bilsək, yaxşı nəticələr qazanacağıq. İrəli baxmalıyıq, növbəti oyuna hazırlaşacağıq.

– Əksər oyunlarda “Səbail” ikinci hissədə daha yaxşı performans göstərir. Bunu bütün oyuna yaymağa nə imkan vevrmir?
– İki məqam var: funksional hazırlıq və psixoloji hazırlıq. Funksional hazırlığımız 90 yox, 180 dəqiqəyə də çatar. Sadəcə komandanın bir müddət uğursuzluğa məruz qalması uşaqlarda psixoloji problem yaradır, onlarda uduzmaq qorxusu olur. Düşünürəm ki, qələbələr artdıqca bu da arxaya keçəcək.

– Düşünmürsünüz ki, yerli oyunçularınız daha çox səhv edir. Onlar olmazsa, nəticələr daha fərqli olar?
– Bu komanda keçmişə qayıdanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlardan idi. Artıq ortabab komandaya çevrilmişik. Mərhələ-mərhələ adlamalıyıq. Çempion olmaq, avrokuboklara getməkçün uzun yol qət etmək lazımdır. 6 aydan bir çatışmazlıqları doldurmalıyıq. “Səbail” artıq qapazaltı komanda deyil. Düzdür, yerli oyunçu seçimlərimiz düzgün olmadı. Kimsə düşünür ki, bizim büdcəmiz çoxdur, düz deyil. Sponsordan şikayətlənmirik, istəmirik ki, hər şey anidən olsun. Bir mərhələni başlatmalıyıq. Yerli oyunçularda keyfiyyət çatışmazlığı var, reallıqdır. Amma onlar da bacardıqlarını edirlər. Azərbaycan futbolunu düşünməliyik. Yerli oyunçunun olması vacibdir. Bugünkü vəziyyət nə qədər çətin olsa da, ölkə futbolunu düşünməliyik. Yerli oyunçunu nəyəsə səbəb gətirmək düzgün olmazdı. Bu, düzgün deyil. Uşaqların keyfiyyətini daha da yaxşılaşdırmalıyıq.

– “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov iki xal itirdiklərini dedi. Belə çıxır, siz bir xal qazanmısınız…
– Ona hörmətim var, emosiyaya qapılıb, nəsə demək olar. Məşqçiyik, başa düşürəm. Amma vəziyyət ortadadır. İkinci hissədə biz, birinci yarıda onlar yaxşı idi. Həqiqəti deməliyik, fasilədən sonra meydanda bir komanda var idi – o da “Səbail”.

– Fasilədə əvəzetmə etmədən oyunu dəyişdiniz. Nə etdiniz?
– Səmimiyyətimə inanın, bizim komandada olan uşaqlar intellektual, səviyyəlidir. Futbolçulara nəsə deyirəm, anlayıram. Məşqçilik karyeramda ilk dəfə futbolçulardan üzr istəmişəm. İlk hissədə etdiyim səhvlərə görə. Emosiyalı idim, nə üçün? Uşaqların potensiallarını bilirəm, daha yaxşı oynaya bilərlər. Onlar balansdan çıxırdılar. Uşaqlara fasilədə dedim ki, uduza bilərsiniz, amma futbol oynayın.

– İnkişaf üçün yerli oyunçu lazımdır, o da yoxdur. Bunu necə həll etmək olar?
– Düşünürəm ki, bu mövsüm yaxşı yerlərdən birini tutsaq, layihələrim var. Bizim əvəzedici və əsas komandamız arasında uçurum var. Arada əlavə komanda lazımdır. Fərqli adla ola bilər, amma mütləq I Liqada oynayan komandamız olmalıdır. Əvəzedici heyətlə əsaslar arasında böyük fərq var. İstəyirik ki, onlar da kişi futbolu oynasın. Biz komandalar arasındakı səviyyəni itirmişik. Sponsordan da istəyəcəm, adı “Səbail” olmaya bilər, amma bir əlavə komandamız olmalıdır. Uşaqların yetişməsi üçün bu, şərtdir. Əvəzedici səviyyəni keçir, Premyer Liqada da oynaya bilmir. Aha, qaldı arada. Sonra da 25 yaşına çatanda karyerasını bitirir. Aradakı boşluq tamamlanmamıdır. “Neftçi”nin əvəzedicisində oynayan uşaq gəlib əsas komandaya düşə bilməyəcək. Nəsib olarsa, bunu reallaşdırmaq istəyirəm. Tək bizə yox, bütün komandalara lazımdır.

– Bu şəraitlə futbolçu yetişəcəkmi?
– Bu gün bizdə akademiyada olan şərait heç komandada yoxdur. Ancaq bir meydançada 17, 18 komanda inkişaf edə bilməyəcək. Böyük iclasımız oldu, sponsorların bu haqda planı var. “ASCO Arena”nın ot örtüyü dəyişəcək, təbii olacaq. Bu əraziyə yaxın iki təbii örtüklü meydança istəyirik. Eyni zamanda Əhmədli tərəfdə yerimiz var, akademiyamız ora köçürüləcək. Bəli, planlarımız var, bunlar alınsa, klub yaranacaq. Bir meydançadan klub olmur. “Turan Tovuz”la biz süni örtüklü meydançada oynayırıq, bu da zədələrə səbəb olur.

– Bunları reallaşdırmaq alınacaq?
– Bəli, planlar var. İşlərə start veriləcək. Ancaq hər şey nəticə ilə bağlıdır. Nəticə olmazsa, alınmayacaq. “6-lıq”da olsaq, yaxşı olar.

– Nəticə deyəndə nəyi nəzərdə tutursunuz?
– Sponsorlarımız mərhəmətlidir. Demirlər ki, dərhal yuxarı yerləri tut. Qarşımızda olan ilk hədəf “6-lıq”da olmaqdır. Bu mövsüm ortabab komandayıq, gələn il də avrokuboklar üçün oynaya bilərik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43