21 Dekabr 2024
Premyer Liqa

“Xəzər Lənkəran”lı fanatın ahı (AZARKEŞ YAZISI)

Saytımızın email adresinə bir “Xəzər Lənkəran”lı azarkeş sevimli klubunun uğursuzluqlarından bəhs edən yazı yazıb. 

İdmanxeber.com saytı bu yazını sizə təqdim edir.

Yaranmasından 10 il ötməsinə baxmayaraq “Xəzər-Lənkəran” hər il yay transfer dönəmində eyni səhvləri təkrarlayır. Komandanın bir neçə önəmli oyunçusu klubu tərk edir və yeni transferlər kluba gec qoşulur. Bu artıq adət halını alıb. Adət halını alan başqa bir məsələ də var ki, bu da “torbatikmə əməliyyatıdır”. “Xəzər-Lənkəran”ın oyunçuları “toxunulmazdır, istədikləri zaman məşqə qatılmaya bilər, kefsiz olanda məclisi içki ilə şənləndirə bilərlər”. Buna qarşı çıxan şəxs nə olduğunu anlamadan özünü torbanın içində tapmış olacaq. 

Bu yay da eyni aqibət yaşandı və nəticə göz qabağındadır. “Makkabi” biabırçılığından sonra “Xəzər-Lənkəran” özünə gələ bilmir. Son 5 rəsmi matçda hələ ki, qələbə qazanılmamışdı. Və bütün ümidlər bu oyuna bağlanılmışdı. Əldə olunacaq qələbə 0:8-i, qalibiyyətsizlik seriyasını unutduracaqdı. Çünki rəqib əzəli və əbədi rəqib “Neftçi”, oyun isə “Böyük oyun” idi. Hərçənd iki dırnaq işarəsinin içinə bir cüt də əlavə etmək lazımdır. Bu oyun öz böyüklüyünü, əzəmətini itirməkdədir. Bir gün öncə bu komandaların əvəzedicilərinin arasında keçirilən oyunda alınan nəticə 0:5-in acısını az-çox unutdurmuş və bir gün sonrası üçün lənkəranlılarda ümid yaratmışdı. Elə məndə də. 

Lakin yanıldıq. Yenə də alınmadı. Baxmayaraq ki, “Xəzər-Lənkəran” rəqibini bütün komponentlərdə üstələyirdi. Lakin futbol komanda oyunudur. Elnur Allahverdiyev, Elnur Abdullayev, Junior Nildo kimi “saxlama müddəti” bitmiş futbolçularla bundan artığını etmək mümkün deyil. Bu oyunçular 15 ildir Bakı-Lənkəran işləyən “Mersedes”ə bənzəyir. Nə olsun ki, “Mersedesdir”, mühərrik sıradan çıxıb, sürət qutusu ilişir. Qısası apar tulla.

Oyundan sonra olanlar isə futbol adına bir ləkədir. Əslində “Neftçi” tərəfinə də bu lazım idi. Kubokun finalında olanlara görə bəraət qazanmaq və olanların unudulması üçün yeni olay. Lakin nə olursa olsun milli ordunun əsgər və zabitlərinə xəsarət yetirilməsinə haqq qazandırmaq mümkün deyil.

Həsənov Mahir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43