28 Dekabr 2024
Müsahibə

Mbilla: “Xəzər Lənkəran”dan təklif alanda tərəddüd etmişdim” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın kamerunlu hücumçusu Mbilla Etamenin müsahibəsi

– Öncə sizin “Xəzər Lənkəran”a keçidinizlə maraqlanaq. Bu keçid necə baş tutdu?
– Menecerim mənə klub axtarırdı. Mənə dedi ki, Azərbaycanda “Xəzər Lənkəran” adında bir klub var. Həmin komanda səviyyəli hücumçu axtarır. Mən də dedim ki, işimi düzəlt, Azərbaycana gedirəm. Çünki “Adanaspor”da qalmaq istəmirdim. Bu klubun prezidenti başqa komandalara keçidimə əngəl törədirdi.

– Meneceriniz türkdürmü?
– 2 menecerim var. Biri türk, digəri isə ingilisdir.

– “Adanaspor”la müqaviləniz 2014-cü ilədəkdir. Siz bu klubla müqavilənizi qarşılıqlı, yoxsa birtərəfli şəkildə pozdunuz?
– Yox, mənim müqaviləmin müddəti 2013-cü ilin mayına kimi idi. Növbəti 1 il isə tərəflər arasında razılıq baş tutardısa, müqaviləm yenilənməliydi.

– Amma Türkiyə klubu iddia edir ki, sizin müqaviləniz 2014-cü ilədəkdir. Ona görə də sizdən FİFA-ya şikayət ediblər. Bundan xəbəriniz varmı?
– Yox, bundan xəbərsizəm. Mənim müqaviləm onlarla bu il başa çatıb. İstəsəm, müqavilənin şərtlərinə görə daha 1 il də qala bilərdim. Amma istəmədim. Çünki bu klubda pul yoxdur. Futbolçulara pul verilmir.

– Türkiyə mətbuatına inansaq, sizi “Xəzər Lənkəran”dan qabaq Almaniyanın “Union” klubu da istəyirdi…
– Düzdür. Berlin klubu məni almaq istəyirdi. Ancaq “Adanaspor”un baş məşqçisi məni buraxmadı. Bundan başqa, Fransada “Nant” və “Soşo” variantlarım da vardı. “Adanaspor”un prezidenti hər dəfəsində həmin klublara faks göndərib mənim yaxşı futbolçu olmadığımı bildirirdi. Mənim keçidimə hər dəfə mane olurdu. Təbii ki, bundan pis olurdum və həmişə fikirləşirdim ki, Allah böyükdür. “Adanaspor”a 5 ilimi verən insanam. Mənə qarşı bu cür haqsızlıq edilməməliydi. Əslində “Union”a transfer olunmağa çox yaxın idim. Ancaq “Adanaspor” bunun üçün 2 milyon avro istədi. Belədə transferim baş tutmadı.

– Bəs müqaviləniz bitdiyi halda niyə sonradan “Union”a keçə bilmədiniz?
– Mən müqavilə məsələlərinə görə Türkiyə Futbol Federasiyasından cavab gözləyirdim. Onlar mənə 1 aydan sonra müsbət cavab verdi. Ancaq onda da iş işdən keçmişdi. Çünki “Union” artıq məşqlərə başlamış, üstəlik Avropada “transfer pəncərəsi” bağlanmışdı. Məni istəyən digər klubda da maliyyə problemi vardı. Alternativim qalmamışdı. Ancaq sonradan menecerim Azərbaycandan təklif olduğunu bildirdi. Bu ölkə haqqında eşitmişdim. Bilirdim ki, çempionatı zəifdir. Ancaq menecerim dedi ki, “Xəzər Lənkəran” böyük klubdur, komandanı Con Toşak kimi tanınmış məşqçi çalışdırır. Onun bu sözləri bu klubun təklifinə “hə” deməyimə səbəb oldu və bura gəlib 2 illik müqaviləyə imza atdım.

– “Neftçi”də oynayan Ernest Nfor və “Rəvan”da çıxış edən Mişel Balokoq da kamerunludur. Onları bura gəlməzdən öncə tanıyırdınızmı?
– Nforu daha öncədən tanıyırdım. Kamerunda ən böyük futbol akademiyalarından birində onunla bir yerdə olmuşuq. Ancaq Mişel Balokoqun adını ilk dəfə sizdən eşidirəm.

– Bayaq dediniz ki, Azərbaycan çempionatı haqda məlumatınız vardı. Bu məlumatı hardan öyrənmişdiniz?
– Əvvəllər burda oynamış Joel Epalle (“Bakı”nın sabiq oyunçusu – S.T.) məni sizin futbolunuz haqqında məlumatlandırmışdı. O, demişdi ki, Azərbaycan çempionatının səviyyəsi yaxşı deyil. Məhz bu üzdən ilk dəfə “Xəzər Lənkəran”dan təklif alanda tərəddüd etmişdim.

– Ancaq bura keçdikdən sonra çempionatının səviyyəsinin Epallenin dediyi kimi olduğunu gördünüzmü?
– Yox, “Xəzər Lənkəran”a keçdiyimə peşman olmadım. Gördüm ki, çempionat burda daha yaxşı imiş. Sizin çempionat Türkiyənin 1-ci dəstəsindən daha yaxşıdır. Epalle burda 3 il əvvəl, özü də çox qısa oynayıb. Görünür, o, həmin vaxta əsasən mənə belə demişdi. İndi isə futbolunuz çox inkişaf edib, yaxşı məşqçilər komandalara rəhbərlik edir.

– “Bakı” ilə oyunda ilk qolunuzu vurdunuz. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu sadəcə bir şans idi. Bəxtim gətirdi və 2 qol vurdum. Əslində mənim mövqeyim mərkəz hücumçusudur. Ancaq burda sağ cinahda oynadılıram. Bu üzdən ilk 3 matç mənim üçün çətin keçdi. İndi yavaş-yavaş bu mövqeyə uyğunlaşıram.

– Hesabı bərabərləşdirərkən “Xəzər Lənkəran”ın çempionatlar tarixində 400-cü qolunuzu vurdunuz. Bunu bilirdinizmi?
– Yox. Açığı, bunu bilmirdim. Sizdən eşitdim.

– Komandanızın çıxışı ilə bağlı fikirləriniz necədir?

– Düşünürəm ki, bizim yaxşı heyətimiz, yaxşı futbolçularımız var. Bu il çempion olmağa qadir komandamız var. Buna potensialımız çatır. Sadəcə bunun üçün çox çalışmaq lazımdır.


apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43