27 Dekabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran”ın ən sürətli futbolçusu: “25-30 nəfərdən başqa heç kim inanmırdı”

21 yaşlılardan ibarət yığma komandamızın və “Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovun müsahibəsi:

– Millimiz  Norveçlə oyunda qrupda ilk qələbəsini (3:1) qazandı. Bu qələbə ilə bağlı nə deyərdin?

– Bizim qələbə qazanacağımıza 25-30 nəfərdən başqa heç kim inanmırdı, inananlar da bizim oyunçularımız və məşqçilərimiz idi.Bu oyuna çox ciddi hazırlaşmışdıq və bəhrəsini də gördük, sərfəli nəticə ilə geri qayıdırıq.

– Dünən millinin heyətində qol vurdun. Oyundan əvvəl qol vuracağına inanırdın?

– Mən iki gün idi ki, zədəli idim, amma oynamağı çox istəyirdim. Həkimimizə söz vermişdim ki, əgər oyunda oynasam qol vuracam. Ona görə də qol vurandan sonra onun yanına getdim, öz minnətdarlığımı bildirdim.

– Vurduğun qolu kimə hədiyyə etdin?

– Həkimə. Çünki meydana çıxmağımda üzərimdə ən böyük əmək onun idi.

– Milli komandamız qrupda ikincidir. Komandamızın İsrail və Portuqaliya kimi komandalar  olan qrupdan çıxmağa şansı var?

– Niyə də olmasın? Biz hər oyuna çıxıb vuruşandan sonra inanıram ki, yaxşı nəticə əldə edəcəyik. İndi bütün diqqətimizi Portuqaliya ilə oyuna verməliyik. Portuqaliya ilə oyunun doğma meydanda olması da bizim xeyrimizədir.

sportal.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43