"Neftçi” tərəfi bu gün baş tutacaq “Böyük oyun” üçün azarkeşlərə müraciət edib. Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, AFFA İntizam Komitəsinin (İK) avqustun 27-də çıxardığı qərara əsasən 2013/14 mövsümü Topaz Premyer Liqası və ölkə kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçiriləcək oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulub.
“Neftçi” də bu qərara hörmətlə yanaşmağa borcludur. Qərara uyğun olaraq Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununun biletləri yalnız meydan sahibi komandanın azarkeşləri üçün satışa çıxarılıb və biletlərin hamısı onlar tərəfindən alınıb. “Neftçi” PFK sonda azakeşlərdən AFFA İK-nın qərarına hörmətlə yanaşmağı xahiş edib.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu saat 19:00-da başlayacaq. “Bakcell Arena”da baş tutacaq qarşılaşmaya biletlərin qiyməti 1 manat təşkil edir.