27 Dekabr 2024
Premyer Liqa

“Şahin Diniyevlə heç bir problem yaşamadıq”

Topaz Premyer Liqasının 18-ci turunda “Simurq” Bakıda “Rəvan”ın qonağı oldu. Rəqibini ilk hissədə vurduğu üç qolla məğlub edən Zaqatala təmsilçisi xal ehtiyatını 25-ə çatdırdı .

Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Komanda yaxşı oyun göstərdi, 3-0 hesabı ilə qalib gəldik. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Komandaya mövsümün ilk yarısına görə təşəkkür edirəm, Yeni il münasibəti ilə hamını təbrik edirəm. Oyunda Şahin Diniyevlə heç bir problem yaşamadıq, futbolçuların bir-birinə qarşı sərt oynadığı epizoda reaksiya göstərdim. Çempionatda asan oyun, asan rəqib yoxdur. Qol vurana kimi oyun çox çətin gedirdi, hesabı açdıqdan sonra isə daha rahat oynadıq. Komandanı gücləndirmək həmişə lazımdır. Fasilədə heyətimizə 1-2 yeni futbolçu cəlb edəcəyimizə ümid edirəm. Bu, həm rəqabəti, həm də oyun keyfiyyəytimizi artırmaq üçün lazımdır”.

Şahin Diniyev, “Rəvan” klubunun baş məşqçisi: “Komandamın oyunu haqqında nəsə demək çətindir. Futbol adına heç nə olmadı, “Simurq” layiqli qələbə qazandı. Komanda verilən tapşırıqları yerinə yetirmədi. Acınacaqlı haldayıq. Qış fasiləsində mütləq güclənməlyik. Hər bir mövqedə oyunçuya ehtiyac var. Bu heyətlə ciddi uğura nail olmaq olmaz. Komanda uğur qazanmaq istəyirsə irəli baxmalıdır. Artıq qış planımız hazırdır. Yanvarın 5-də Bakıda toplaşıb, 8 günlük hazırlıqdan sonra Antalyaya yollanacağıq. Türkiyədə 4 yoxlama oyunu keçirəcəyik. Bugünkü oyun zəif nöqtələrimizi tam göstərdi. 6-7 mövqeyə yeni oyunçular transfer olunmalıdır. Komandanın heyətində dəyişikliklər qaçılmazdır. “Simurq” hər bir cəhətdən bizdən üstün oynadı. Uduzmağı bacarmaq lazımdır. Hakimlərin qərarını müzakirə etmək istəmirəm. Bəla bizim komandanın oyunundadır. Komandam, sanki, donmuş futbolçulardan ibarətdir. Oyunumuzda nə fikir,  nə də hərəkət var idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43