27 Dekabr 2024
İdman

“Bakı-2015”-ə hazırlıq işləri yüksək səviyyədə davam edir

Estoniyanın paytaxtı Tallin şəhərində Avropa Velosipedçilər İttifaqının (UEC) ildə bir dəfə keçirilən baş assambleyasının iclası olub. Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev də iştirak edib.

İclasda çıxış edən Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien gündəlikdə duran məsələlər barədə məlumat verib. O, öz çıxışında gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına xüsusi yer ayırıb və Azərbaycanın “Bakı-2015”-ə hazırlıq işlərini yüksək qiymətləndirib.

Qeyd edək ki, “Bakı-2015”-in proqramına velosiped idmanının 3 növü – şosse, BMX və mountenbayk daxildir. David Lappartien oyunların ən yüksək səviyyədə təşkil edilərək keçiriləcəyinə inandığını bildirib.

Tədbirdə Avropa çempionatlarında qaliblərin geyəcəyi yeni formaların təqdimat mərasimi də olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqı və bir sıra ölkələrin federasiyalarının rəsmiləri ilə fikir mübadiləsi aparıb, onlara Azərbaycanda velosiped idmanının inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Federasiya rəsmisi bu yöndə dövlətin dəstəyini daim hiss etdiklərini xüsusi vurğulayıb və “Bakı-2015”-in unudulmaz idman bayramı olacağını deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43