AFFA-nın prezidenti Rövnəq Abdullayevin az öncə sizə təqdim etdiyimiz açıqlamasında ən azı bir klubun bu mövsüm çempionatdan aşağı diviziona düşəcəyi ilə bağlı məsələyə "Rəvan" klubundan münasibət öyrəndik.
Klubun vitse-prezidenti Bəhruz Şirəliyev idmanxeber.com-a açıqlamasında əslində bu qərarı normal qarşıladığını və həm kubok, həm də daxili çempionatda mümkün qədər uğurlu nəticələr qazanmaq niyyətində olduqlarını bildirib:
"Əslində son İcraiyyə Komitəsinin iclasında bu qərar sadəcə tövsiyyə xarakterli verilmişdi. Yenidən qaydalara dəyişiklik edilməsinin səbəbləri var. Misal üçün bizim hədəfimiz çempionatda azı "Sumqayıt"dan öndə bitirmək və mümkün qədər irəliləməkdi. Ona görə də, bu qərarın açıqlanması bizim üçün çox da önəmli deyil. Çünki biz onsuzda bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Yəni bu qərar bu formada verilməsəydi də, biz yenə qələbə üçün meydana çıxacaqdıq. Sadəcə onları da başa düşmək lazımdı. AFFA da istəyir ölkəmizdə futbol günü-gündən daha da inkişaf eləsin. Ona görə də, istədilər ki, çempionatdakı komandaların sayını 12-yə çatdırmaqla, daxili çempionatda maraq daha da çox olsun. Lakin bunun texniki tərəfi də var. Orada qeyd olunmuşdu ki, lisenziya tələblərinə uyğun olacağı təqdirdə yeni mövsümdən Premyer Liqa 12 komandanın iştirakı ilə keçirilsin.Əgər divizionda ikinci yeri tutmuş komanda lisenziya məsələsində müvafiq qaydalara uyğun hərəkət etmirsə, o zaman bu qərar başadüşüləndi. Biz həm kubok, həm də çempionatda mübarizəmizi davam etdiririk. Kubokda finala çıxmaq, çempionatda da mümkün qədər uğurlu nəticə qazanmaq istəyirik və inanıram ki, yaxşı heyətə malik "Rəvan" bunu bacaracaq".