Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Qəbələ” – “Çukariçki” (2:0) matçından sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk maraqlı fikirlər sələndirib.
İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında Qriqorçuk bunları qeyd edib:
“Stadionda təkcə “Qəbələ”nin yox, ümumilikdə Azərbaycan futbolunun azarkeşlərini görmək xoşdu. Möhtəşəm atmosfer idi. Şadam ki, azarkeşlərə qələbə sevinci bəxş etdik. Çox həyəcanlı idim. Azarkeşlərin etimadını doğrultmaq üçün narahatlıq keçirirdim. Əsas odu ki, bunu bacardıq. Demirəm ki, ideal oynadıq. Amma taktiki cəhətdən ağıllı oynadıq, hərəkətli olduq, xarakter sərgilədik. Hiss olunurdu ki, komandamız meydana ancaq və ancaq qələbə qazanmaq üçün çıxıb. Növbəti oyuna kimi əlavə futbolçular sifariş edə bilərik. Bu şansı dəyərləndirməyə çalışacağıq. Ümumilikdə meydanda əsl komanda var idi”.