“Qəbələ”nin prezidenti Tale Heydərov klubun Yunanıstan “Panatinaikos”u ilə Avropa Liqasının “pley-off” mərhələsindəki səfər matçını izləyəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə T.Heydərovun özü “extratime.az”a açıqlama verib.
O bildirib ki, komandanı səfər matçlarında dəstəkləmək əla ideyadır: “Afinadakı qarşılaşmaya getməyi düşünürəm. Çünki bizi ağır oyun gözləyir. Komandamızın belə ağır qarşıdurmada dəstəyə ehtiyacı var”.
Klub prezidenti “Panatinaikos”u da dəyərləndirib. O, “Qəbələ”ni çox çətin və ağır qarşılaşmaların gözlədiyini bildirib: “Əvvəlki rəqiblərimiz də güclü sayılırdılar və onları asanlıqla üstələmədik. “Panatinaikos”la da əvvəlki əzmlə mübarizə aparmaq lazımdır. Hərçənd. “Qəbələ” üçün çox çətin olacaq. Uğur üçün maksimal potensialımızı nümayiş etdirməliyik. Hesab edirəm ki, şansımız var, amma bundan yararlanmaq lazımdır”.
T.Heydərov “Qəbələ”nin Kipr “Apollon”unu da üstələməsini sevindirici hal saysa da, oyunundakı çatışmazlıqlara da diqqət çəkib: “Çatışmazlıqları oyunları izlədikcə mən də görürəm. Məsələn, adaptasiyaya ehtiyacı olan bir çox futbolçumuz var. Amma oyundan-oyuna inkişafımız da göz qabağındadır. Ola bilsin, “Apollon”la oyunda ikinci yarını zəif keçirdik, amma əsas məsələ – qələbədir”.
Qeyd edək ki, “Qəbələ” və “Panatinaikos” arasındakı ilk görüş avqustun 20-də Bakıda, cavab oyunu bundan bir həftə sonra AFinada keçiriləcək.