“Qəbələ”nin baş meneceri Zaur Əzizov “Qəbələ İK” qəzetinə geniş müsahibə verib.
– “Transfer pəncərəsi”nin son günündə birdən-birə 3 yeni futbolçunu heyətə qatdınız. Bu, hansı zərurətdən irəli gəldi?
– UEFA Avropa Liqasının qrup mərhələsinə düşməyimiz yeni transferlərə ehtiyac yaratdı. Müxtəlif turnirlərdə oynayacağımızdan heyəti genişləndirmək zəruri idi. Doğrudur, indiki heyətin potensialı uğur qazanmağa kifayət edirdi. Amma futbolda cəza, zədə və digər müəyyən səbəblərdən itkilərin ola biləcəyini nəzərə alıb, 2 legioner və 1 yerli futbolçunu heyətimizə qatdıq. Mənə elə gəlir ki, “transfer pəncərəsi”nin son günü klub üçün, həqiqətən, faydalı keçdi.
– Vaxtın azlığını nəzərə alsaq, bu keçidləri həyata keçirərkən hansı çətinlikləriniz oldu?
– İndiki mərhələdə seçimimiz aprel, may və iyun aylarındakından daha rahat oldu. Çünki Avropa Liqasında uğurlu çıxış öz sözünü dedi. Klub özünü xeyli tanıtdı. Artıq bizə adi oyunçular təklif olunmurdu. Baş məşqçi Roman Qriqorçuk da seçimdə bir qədər çətinliklə üzləşdi. Çünki siyahıda, həqiqətən, yaxşı futbolçular var idi. Ancaq sonda bu 3 futbolçu üzərində dayandıq.
– Niyə məhz Derlis Meza Kolli, Vaqif Cavadov və Fakundo Pereyra?
– Meza Kolli Azərbaycan çempionatına bələd olan, baş məşqçimizin də çox yaxşı tanıdığı futbolçudur. Onu öncə də transfer etmək istəyirdik. Ancaq bəzi səbəblərdən alınmamışdı. Derlis “İnter”dən gedəndən sonra Paraqvayda, keçmiş komandasının düşərgəsində məşq edib.
– Vaqif Cavadovun keçidi çox tez alındı…
– Əminik ki, komandaya uğur qazandıracaq. Vaqifin müqavilə ilə məxsus olduğu “Xəzər Lənkəran”a da təşəkkür edirik ki, Azərbaycan futbolunu, “Qəbələ”nin Avropa Liqasında ölkəmizi təmsil etməsini nəzərə alaraq, keçidə əngəl olmadı. Lənkəran klubu rəhbərliyi təklifimizi düşünmədən müsbət dəyərləndirdi. Hətta deyim ki, keçid bir neçə dəqiqə çəkdi.
– Cavadov və Meza Kollidən fərqli olaraq Pereyra ölkəmizdə ilk dəfə oynayacaq.
– Yunanıstanda tanıdığımız futbol adamlarının heç biri onu 1 illik icarəyə götürə biləcəyimizi ehtimal etmirdi. Çünki Pereyra PAOK-un çox önəmli üzvü idi. Amma hücumçunu heç bir vəsait ödəmədən 1 illiyə icarəyə götürməklə bağlı qarşı tərəflə razılığa gələ bildik. Əminik ki, Fakundo karyerası boyu nümayiş etdirdiyi futbolu “Qəbələ”də də göstərəcək.
– Onun keçidi məsələsi “Qəbələ”nin qrup mərhələsində PAOK-la rəqib olmasından sonra gündəmə gəldi?
– Bəli. Hələ Yunanıstanda olduğumuz zaman bizə bəzi futbolçular təklif olunurdu. Lakin “Panatinaikos”la matç başa çatmadığından təklifləri dəyərləndirə bilmirdik. Ancaq aldığımız təklifləri toplayırdıq. Qrupda oynayacağımız dəqiqləşəndən sonra işə başladıq və Pereyranı seçdik. Onun PAOK-dan getmək ehtimalı olsaydı belə, birbaşa rəqib komandaya – “Qəbələ”yə keçmək variantının alınacağını az adam ehtimal edirdi.
– Futbolçunun rəqib kluba keçidi həmişə ajiotaj yaradır…
– Pereyra PAOK-un baş məşqçisinin qərarıyla əsas heyətdən uzaqlaşdırılsa da, klub onu buraxmaq istəmir, “Qəbələ”yə verilməsinə etiraz edirdilər. Ancaq digər tərəfdən, futbolçu ilə ilkin razılıq var idi. PAOK şərt qoydu ki, Pereyra onlara qarşı heç bir oyunda meydançaya çıxmayacaq. Ancaq danışıqlar nəticəsində sonradan argentinalının Bakıda oynaya biləcəyi ilə bağlı maddəni saxladıq. Fakundo Yunanıstandakı matçda oynamayacaq. PAOK rəhbərliyi Pereyranın orada uğurlu çıxışı nəticəsində ola biləcək azarkeş təzyiqindən ehtiyatlanır. Bu, onlar üçün başlıca şərt olduğundan icarə haqqı istəmədən futbolçunu bizə verdilər.
– Julius Vobayın “Qəbələ”yə keçəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb oldu. Belə çıxır ki, Vobay özünü reklam edirmiş?
– Vobayın bizim klub haqda nə fikirləşdiyini bilmirəm. Ancaq onu deyə bilərəm ki, iyunun əvvəlində çox ciddi-cəhdlə Juliusu heyətimizə qatmaq istədik. Ancaq Vobay müxtəlif bəhanələr gətirdi. Məsələni “bu gün, sabah” deyərək uzatdı, bir müddət sonra, ümumiyyətlə, telefona cavab verməmək variantını işə saldı. Mənə elə gəlir ki, son günlərdə açıqlamasıyla cavabını aldı.
– Bəs İbrahim Niassenin “Qəbələ”yə qayıdışı niyə baş tutmadı?
– Baş məşqçimiz Meza Kolli ilə Niassenin ikisindən birini heyətimizə qatmaq istəyirdi. O, üstünlüyü Meza Kolliyə verdi. Paraqvaylı futbolçu da gəlməyə razılıq verdiyindən Niasse variantı arxa plana keçdi.
– Avropa Liqasının püşkatma mərasimində iştirak etdiniz. Püşkün nəticəsini necə dəyərləndirərdiniz?
– İstəmədiyimiz 2 qrupdan biri “Qəbələ”yə, digəri “Qarabağ”a düşdü. Qruplarda ilk 3 komanda bəlli olandan sonra 4-cü səbətdən komandaların adları çıxarılmağa başladı. Bu zaman 2 qrup vardı ki, onlardan qaçmaq istədik. Ancaq biri bizə, digəri “Qarabağ”a nəsib oldu. Onsuz da qrup mərhələsində komandamızı asan rəqib gözləmirdi. Üstəlik, pley-offda “Panatinaikos” kimi güclü komandanı üstələmişik. Deməli, inamlı çıxış etmək olar.
– Hər halda, “Qarabağ”a “Qəbələ”ylə müqayisədə daha güclü rəqiblər düşüb. Bu baxımdan 1/16 finala vəsiqə verən 2-ci yeri tutmaq şansımız varmı?
– Sözsüz ki, Azərbaycan klublarının yer aldığı qruplar arasında fərq var. Mən də razıyam ki, Ağdam klubu daha güclü rəqiblərlə üz-üzə gələcək. Bizim qrupa gəlincə, “Borussiya” haqqında nəsə demək artıqdır. PAOK-la “Krasnodar” öz ölkələrində, ümumiyyətlə, avrokuboklarda, xüsusilə, son illərdə uğurlu çıxış edən komandalardır. “Krasnodar” ildən-ilə inkişaf edir. PAOK-un heyətində Yunanıstanın ən yüksək ödənişli futbolçusu, “transfer pəncərəsi”nin son günündə heyətinə qatdığı Dimitar Berbatov varsa, deməli, qarşısına bəlli hədəfləri qoyub. Sözsüz ki, “Qəbələ” qrupdan çıxmaq üçün mübarizə aparacaq. Rəqiblərimiz ancaq kağız üzərində favoritdir.
– Ancaq heyətin gücləndirilməsi də şanslarımızı artırıb…
– Mənə də elə gəlir ki, Qriqorçukun meydançada manevr etmək imkanları indi daha çoxdur. Heyətə kifayət qədər yaxşı və baş məşqçinin istədiyi futbolçular qatıldı. Onu nəzərə alaq ki, hər 3 futbolçu əsas heyətə iddialı oyunçulardır. Bu, komanda, baş məşqçi üçün gözəl hadisədir.