“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirdikləri ilk oyunu şərh edib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu oyundakı kimi motivasiya ilə cavab görüşünə çıxacağıq. Azarkeşlərə müraciət edirəm: Sizin dəstəyinizə ehtiyacımız var. Bu rəqibi keçmək ümidi ilə cavab görüşünü səbrsizliklə gözləyirəm. Bu matçadək inam necə idisə, indi daha da artdı. Bir oyun yetərli deyil, cavab görüşünü də gözləyək”.
Futbolçulara təşəkkürümü bildirirəm. Onlar həddindən artıq gərgin oyunun altından çıxdı. Sevindirici haldır ki, meydanda münaqişə baş vermədi. Meydanda baş verənlərin gərginlikdən yox, emosiyadan irəli gəldiyini düşünürəm. Hamı gördü ki, bu, Samirdir. Azarkeşlərlə də insident yarandı, rəqib həmkarımla da söhbətimiz oldu. Çünki rəqib futbolçular vaxtı öldürürdülər.
Namiq Ələsgərovun zədəsi ciddidir. Burun, almacıq və kəllə-beyin nahiyəsindən sınıqları var. Çox üzücü xəbərdir. Bu cür oyunçunun zədə alması bizə, futbolçularımıza pis təsir etdi. Cavab görüşünü onun üçün oynayacağıq.
Oyunda qırılma nöqtəsi 63-cü dəqiqədə Mert Çelikin qırmızı vərəqə alması oldu. Rəqib 43-cü dəqiqədə azlıqda qaldıqdan sonra futbolçularımda inam yarandı. Lakin Çelikin meydandan qovulması meydanda balans yaratdı və “Olimpiakos”a hücumlara açılmaq imkanı verdi. Eybi yox, Mert cavandır. İstəmədən etdi. Bəlkə də elə etməsəydi, rəqib qol vuracaqdı.
Bu gün rəqibin necə oynaması və sənin necə qarşılıq verməyin daha vacibdir. Bu gün biz psixoloji maneəni aşdıq. Motivasiya və xarakter hesabına nə isə edə bilərik. Rəqibdən də çox şey asılıdır. Əsas odur ki, onlara uşaqlar necə cavab verəcəklər.
Emin Mahmudov həqiqətən də yorulmuşdu, Sabir Buqrinin əvəzlənməsi isə bununla bağlı deyildi. Onun oyundan öncə də ağrıları vardı. Biz də on oyunçu ilə qaldıqdan sonra bir qədər yorulduq. Amma Bakıda son 15 dəqiqəlik bölümdəki yorğunluq olmayacaq. Bu oyunda 7 zərbəmizdən 4-ü qapı çərçivəsinə getdi. İnanıram ki, cavab görüşündə zərbələrimiz dəqiq olacaq və mərhələni keçən biz olacağıq”.