13 İyul 2026
Dünya futbolu

“Dinamo”da yeganə problemim baş məşqçi idi” – Mahir Emreli

“Çətin vaxtda gəlsəm də, burada yaxşı oynadığımı düşünürəm. Komanda ilə məşq etmədim və Türkiyədə baş verənlərə görə atmosfer pis idi, uyğunlaşmaq asan deyildi. Bundan başqa, burada qəribə qrafik var, əvvəlcə bir oyun oynayırsan, növbəti oyun isə təxirə salınır. Deyə bilmərəm ki, bu, karyeramın ən yaxşı mövsümüdür, ondan uzaqdır və statistikaya baxsanız, bəlkə də ən pis mövsüm adlandırarsınız”. 

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Mahir Emreli  “Germanijak” nəşrinə “Konyaspor”dakı durumu barədə danışarkən deyib. O, “Dinamo” (Zaqreb) klubuna qayıdıb-qayıtmayacağı barədə isə bunları söyləyib:

“Bu, təkcə məndən asılı deyil. “Dinamo”dan hələ heç kim mənə zəng etməyib. Düşünürəm ki, menecerimlə “Dinamo” arasında danışıqlar yaxın həftələrdə başlayacaq, sonra daha çox şey biləcəyik. Komanda yoldaşlarımdan eşidirəm ki, yeni məşqçinin gəlişi ilə çox şey dəyişib, ab-hava yaxşılaşıb. Ümid edirəm ki, bu doğrudur. Çünki o dövr qəribə idi və deyə bilərəm ki, o vaxt “Dinamo”dan kədərli ayrıldım.

Oradakı yeganə problemim baş məşqçi Ante Çaçiçdi. Qalan hər şey mükəmməl idi, mən Zaqrebdəki həyata, komandaya, komanda yoldaşlarıma çox tez uyğunlaşdım, şəhərin həzzini yaşadım. Mənə olan münasibəti ilə çox təəccübləndim. Əvvəldən başlayaq. Çempion titulunu qazandıqdan sonra məşq zamanı zədələndim və Çaçiç yanıma gələrək “Ludoqorets”lə görüşdə mənə ehtiyacı olduğunu və bərpa olunmağımı istədiyini bildirdi. Zədəmi sağaltdım, sağaldım, amma həmin oyunda oynamadım. Sonra yenə mənə ona lazım olduğunu dedi, amma 10-15 dəqiqə oynadım, sonrakı üç görüşdə isə tamamilə ehtiyat oyunçular skamyasında qaldım. 

Antenin 11 oyunçudan ibarət öz heyəti var idi və o, heç vaxt bunu dəyişmirdi. Yenə ondan mənimlə danışmasını xahiş etdim və dedim ki, “Mən məşq edirəm və hər şey yaxşıdır, lakin yenə oynamıram. Əgər planlarınıza daxil deyiləmsə, mənə deyin, ayrılım, problem yoxdur”. O cavab verdi ki, mən məşq etməyə və inkişafa davam etməliyəm. Oynamasam, necə inkişaf edə bilərəm? Mən də ona ayrılmaq istədiyimi dedim. Mənə dedi ki, “Hansı komanda “Dinamo”dan yaxşıdır ki, orada oynamağı planlaşdırırsan? Mən sənə “Stemford Bridge”də “Çelsi”yə qarşı oynamaq şansı verdim, daha nə istəyirsən?”. Mən ona cavab verdim ki, beş il əvvəl “Stemford Bric”də “Qarabağ”ın heyətində “Çelsi”yə qarşı oynamışam və indi xoşbəxtlikdən göyün 7-ci qatında olmalıyam? O vaxt mənim yalnız bir təklifim var idi – “Konyaspor”dan. Türkiyədə “transfer pəncərəsi” hələ açıq idi və mən ayrılmaq qərarına gəldim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43