Serbiyanın “Partizan” klubundan çıxış edən bosniyalı müdafiəçi Nihad Mujakiç karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.
İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, “Ərzurumspor” futbolçunun transferi üçün “Partizan”la razılıq əldə edib. Türkiyə təmsilçisinin 400 min avroluq təklifi qəbul olunub.
Mənbənin məlumatına əsasən, Mujakiçlə maraqlanan klublardan biri də Azərbaycan təmsilçisi “Qarabağ” olub. Lakin Ağdam təmsilçisi transfer yarışında uğursuz olub. Bunun səbəbi maliyyə məsələləri olduğu ehtimal edilir.
Bildirilib ki, transferin qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir. Nihad Mujakiçin yeni mövsümdən etibarən Türkiyə I Liqa təmsilçisinin formasını geyinəcəyi vurğulanır.

