Kateqoriyasız

AFFA “Qəbələ”ni cəzalandırdı: ev oyununu azarkeşsiz keçirəcək

Misli Premyer Liqasının 13-cü turunun “Qəbələ” – “Zirə” oyunu meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, bu qərar AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında verilib.

 

Bildirilib ki, Premyer Liqanın 12 turunun “Sabah” –“Qəbələ” oyununda qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ”nin azarkeşlərinin stadiona girişinə bir oyunluq məhdudiyyət qoyulub.

Bu səbəbdən çempionatın 13-cü turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda meydan sahiblərinin azarkeşlərinin stadiona girişi qadağan edilib.

Bundan başqa, “Sabah” – “Qəbələ” oyununda hər iki komandanın azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə klublar ayrı – ayrılıqda 4000 manat cərimə olunublar.

Həmin oyunda qonaq azarkeşlər tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ”  daha 1600 manat məbləğində cərimələnib.

Azarkeşlər tərəfindən stadionda 73 ədəd plastik oturacağın sıradan çıxarılması səbəbindən dəymiş ziyan “Qəbələ” tərəfindən tam ödənilməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43