Milli-mənəvi dəyərlərə daim həssaslıqla yanaşan “Araz-Naxçıvan” kollektivi Qurban bayramı münasibətilə Naxçıvan şəhəri yaxınlığındakı “Əshabi-Kəhf” ziyarətgahına gedib.
Komanda üzvləri qurban kəsib, tarixi mağaranı ziyarət edib. Futbolçulara məlumat verilib ki, "Əshabi-Kəhf" dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış məkanlardandır. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsilir. İlin bütün fəsillərində buranı ziyarət edənlərin ardı-arası kəsilmir. Abidə ölkəmizə gələn əcnəbi turistlərin də ziyarət etdiyi məkanlardandır.
Bildirilib ki, son illər "Əshabi-Kəhf"də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işlərindən sonra kompleksin ərazisi genişləndirilib. Ziyarətgahın ərazisində "Qonaq Evi", "Bələdçi otağı" və hədiyyələr mağazası da fəaliyyət göstərir.
Ziyarət və ziyarətgahla bağlı məlumatlar futbolçular tərəfindən maraqla qarşılanıb.