AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda qərarlaşan Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç açıqlama verib.
52 yaşlı mütəxəssis millimizi çətinliklə məğlub etdiklərini, Macarıstana uduzmalarını isə gözləmədiklərini açıqlayıb: “Macarıstana gözlənilmədən uduzduq. Hər iki oyuna baxsaq, yaxşı olmadığımız aydındı. Azərbaycanı səbir və ustalıq səviyyəsinə görə udduq. Əslində, rəqib bizə işgəncə verdi. Macarıstanla matçda ilk 30 dəqiqədə yaxşı oynadıq. Hesabı açandan sonra səhvlər etdik. Bu da nəticəyə təsir etdi”.
Daliç çətin vəziyyətdən çıxmağa çalışdıqlarını bildirib: “Dünya çempionatından bu tərəfə çox şey dəyişdi. Ən güclüykən, zəifik. Zəifik, çünki Rusiyada standart olan qapıçı və müdafiə xəttinə sahib deyilik. Deyan Lovren 3 aydır oynamır. Vida bütün hədəflərini əldən verən “Beşiktaş”da çıxış edir. Bir şey var ki, buna görə məsuliyyət altındayıq, daha kompakt olmaq lazımdır. Analiz edəcəyik, düzgün işlər etməyə çalışacağıq”.
Xorvatiya millimizi məğlub edib (2:1) və Macarıstana səfərdə 1:2 hesabı ilə uduzub.