Müsahibə

“Azarkeşlər üçün bunu bacarmalıyıq” – “Şamaxı”nın futbolçusu

“Şamaxı”nın futbolçusu Əli Səmədovun idmanxeber.az saytına müsahibəsi

-“Qəbələ” ilə oyunda məğlub oldunuz. Ümumiyyətlə, komandanın son oyunları haqda fikirlərin necədir?

– Komandamız çox yaxşı təsir bağışlayır. “Sabah”a, “Zirə”yə, “Neftçi”yə qarşı da çox yaxşı müqavimət göstərdik və gözəl oyun sərgilədik. Özümüz də hiss edirdik ki, oyunlar keçdikcə inkişaf edirik. “Neftçi”yə qarşı keçirdiyimiz matçda buna siz də şahid oldunuz. Lakin buna baxmayaraq təəssüf ki, sonda məğlub olduq.

-Necə düşünürsən “Şamaxı” Premyer Liqada qala biləcək?

– Hamımız buna inanırıq. “Şamaxı”da heç kim buna şübhə etmir. Məncə, bunu göstərdiyimiz oyunla da sübut edirik və bunun üçün mübarizə aparırıq.

-Bir çox oyunlarda yaxşı çıxış etsəniz də, xal itirmisiniz. Bunun səbəbləri nədir?

– Bəli, elə oyunlar çox olub. Məncə, bunu daha çox təcrübəsizliklə bağlamaq olar. Bir çox oyunlarda 100 faizlik qol imkanlarımız olub, lakin bu şansları dəyərləndirə bilməmişik. Soyuqqanlı ola bilmirik və sonda səhvlərimizdən qol buraxırıq. Düşünürəm ki, bu daha çox təcrübəsizliklə bağlıdır və başa düşüləndir. Məncə, belə hallar olan şeylərdir. Komanda gənclərdən ibarətdir. Hər oyunda nəsə öyrənirik. Zamanla bu da düzələcək.

-Fasilə “Şamaxı”ya necə təsir edəcək?

– Yaxşı təsir edəcək. Çünki həddən artıq sıx qrafiklə çalışırıq və ona görə də istirahət tam olaraq yerinə düşdü. Hələlik dincəlirik, bayramla əlaqədar olaraq bizə 4 günlük istirahət veriblər. İstirahət bitən kimi dərhal məşqləri bərpa edəcəyik. İtirəcək vaxt yoxdur. Bundan sonra keçirilən oyunlarda maksimum nəticə qazanmalıyıq. Bunun üçün də dayanmadan çalışmaq lazımdır. Məşqlərdəki tapşırıqları yerinə yetirməliyik.

-Azarkeşlərə komandanın Premyer Liqada qalacağına söz verirsən?

– İlk öncə onlara təşəkkür etmək istəyirəm. Heç vaxt dəstəklərini əsirgəmirlər. Bunu həm meydanda, həmdə sosial şəbəkələrdə görürük. Hətta biz Şamaxıda şəhərə çıxdığımız zaman yerli əhalinin bizi necə sevdiyini, dəstək olduqlarını görürük. Biz də əlimizdən gələni edib komandanı Premyer Liqada saxlayacağıq. Ən azından onlar üçün bunu bacarmalıyıq. Başqa variantımız yoxdur.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43