l Divizion

Azarkeşlərin izləmədiyi qol yağışı

Peşəkar Futbol Liqası və “Topaz”ın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində yolumuz Ağsu şəhərinə idi. Səfərdə iştirak edən 8 jurnalist birinci divizionun XIV turundan təxirə salınmış “Ağsu” – “Bakılı” matçını işıqlandırmağa çalışacaqdı.

Beləliklə, saat 10 radələrində Bakıdan Ağsuya yola düşdük. Yol boyu həmkarlarımın maraqlı söhbətlərini və başlarına gələn hadisələri dinləmək həm məlumat toplamağıma, həm də gülüşümə səbəb olurdu. Ümumiyyətlə, PFL-in təşkil etdiyi belə səfərlər  insan heç vaxt sıxılmır. Həm həmkarların pozitiv olması, həm də yolboyu maraqlı oyunlar oynaması insanı darıxmağa qoymur. Bu, həm də vaxtın tez keçməsinə səbəb olur.

Oyun saat 15:00-da start götürəcəkdi. Görüşün başlamasına 1 saat qalmış biz matçın keçiriləcəyi Ağsu şəhər stadionuna çatmışdıq. Sözün açığı, stadionun və ətrafındakı mənzərənin belə gözəl olacağını gözləmirdim. Tribunaları gördüyümdə alğlıma ilk gələn onları dolu təsəvvür etmək oldu. Bölgədə futbola maraq olduğunu düşünərək Ağsuda da stadiona çoxlu azarkeşin gələcəyini fikirləşirdim. Amma bu, baş vermədi. Azarkeşlər nədənsə komandadan soyumuşdular. Ünsiyyətdə olduğum bir neçə  azarkeş isə hər kəsin iş dalınca getdiyini bildirdi. Bundan əlavə, onlar “Ağsu”nun Premyer Liqaya yüksələ bilməməsinə görə bir çox azarkeşin komandadan soyuduğunu da bildirirdi. Onlar klub rəhbərliyinin Premyer Liqada iştirak etmək üçün lazım olan lisenziyanın bilərəkdən həll etmədiyini düşünürdülər. Onu da qeyd edim ki, stadion 3000 azarkeş tutumuna malikdir.

Saat 14:55. Artıq futbolçular oyuna tam hazırdır və meydançaya doğru gəlirlər. Matç başlamazdan öncə PFL-in daha bir gözəl layihəsi olan “ayın ən gözəl qolu”unun sahibi mükafatına qovuşur… PFL-in Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov mükafatı (500 AZN) noyabr ayının ən gözəl qolunun müəllifi, “Bakılı”nın futbolçusu Nurlan Məmmədzadəyə təqdim etdi. Mükafatlandırılmadan sonra matçın baş hakimi Emin Nağıbəyov görüşün start fitini səsləndirdi.

Görüşdə açıq-aşkar üstün oyun göstərən “Ağsu” komandası 7:0 hesabı ilə qalib gəldi. Baş məşqçi Rüfət Quliyevin qurduğu kollektiv gözəl oyunu ilə göz oxşayırdı. Qısa və dəqiq ötürmələr üzərində qurulan hücumlar öz gücünü göstərirdi.

“Bakılı”nı isə “1 hissəlik komanda” adlandırardım. İlk hissədə rəqib hücumlarını dəf etməyi bacaran komanda ikinci hissədə tamamilə sönmüşdü. Buna görə də “Ağsu” ikinci hissədə “Bakılı”nın qapısına 6 dəfə yol tapmağı bacardı. Yalnız mərkəzdən başladıqda meydanın rəqibə aid olan hissəsinə keçən “Bakılı” matçın sonlarına yaxın nisbətən ayıldı. Lakin bir neçə hücum təşkil edən komanda istədiyi qolu vura bilmədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43