27 Dekabr 2024
Ölkə futbolu

“Bakı”da ciddi itkilər

Bu gün Topaz Premyer Liqasının 16-cı turuna start veriləcək.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “Bakı” bu turun oyunları çərçivəsində səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Ötən gün isə komanda oyunöncəsi son məşqini keçirib. Saat 11:00-da başlayan hazırlığın əvvəlində futbolçular meydanboyu qaçıblar. İsinmə hərəkətlərini də icra edən baş məşqçi Milinko Pantiçin futbolçuları ardınca ikili qruplara bölünərək qarşı-qarşıya başla və ayaqla ötürmələr üzərində çalışıblar. Şən əhval-ruhiyyədə keçən məşqin sonrakı bölümündə Əfran İsmayılovun da iştirak etdiyi “kvadrat” oynanılıb.

Növbəti təmrində isə komanda üzvləri iki qrupa bölünərək düzülmüş maneələrdən keçmək şərti ilə təyin olunmuş nöqtəyə qaçış yarışı keçirib. Meydanın digər hissəsində isə qapıçıların məşqçisi Muarem Zeki qolkiperləri müxtəlif məsafələrdən vurulan topları dəf etmək üzərində çalışdırıb. Hazırlığın sonunda ikitərəfli oyun da keçirilib ki, nəticədə “yaşıllar” və “göylər”in mübarizəsində birincilər (3:0) üstün olub.

Onu da qeyd edək ki, zədəli olan Elvin Əliyev və Marius Pena məşqdə iştirak etməyib. “Sumqayıt”la ölkə kubokunun 1/8 final qarşılaşmasında ayaq əzələsini dartan Vüqar Mustafayev isə yarımsaatlıq yüngül qaçışla kifayətlənib. Vadim Abdullayevlə Əziz Quliyev müalicəsini davam etdirir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43