Ölkə futbolu

“Bu, yalnız mənim qolum deyil” – “Turan Tovuz”un futbolçusu

“Oyunun ağır keçəcəyi məlum idi. İki komanda da 6-7-ci pillədə qərarlaşıb. “Şamaxı” evdə çox yaxşı oyun göstərir. İki komanda da ilk dəqiqələrdən kəşfiyyat xarakterli çıxış edəcəkdi. Elə də oldu. Görüşdə qolu vuran biz olduq, qələbəni də qazandıq. Ancaq burada oynamaq həqiqətən çətindir”.

Bu sözləri idmanxeber.az saytına “Turan Tovuz”un futbolçusu Tərlan Quliyev “Şamaxı” görüşü barədə danışarkən deyib. 30 yaşlı futbolçu qol vurduğu üçün xoşbəxt olduğunu və bölgə klubunun çempionatda hazırkı hədəflərindən danışıb:

“Komandanın qələbə üçün hansı əziyyəti, zəhməti çəkdiyini görürəm. Bu, yalnız mənim qolum deyil. Hamımız bacarmışıq. Turnir cədvəlində daha yuxarı yerlərə oynamaq üçün mübarizə aparmalıyıq. Qarşıda kubok görüşü də var. Beşinci pilləyə də yüksəlmək mümkündür. Ancaq hazırda hədəf 6-cı sırada olmaqdır. Önümüzdəki oyun “Kəpəz”lədir. “Qarabağ”dan xal ala bilən komandadır. Çalışacağıq ki, yüz faizlik nəticə qazanaq”.

T. Quliyev ölkə kubokunda da yaxşı nəticə qazanmaq istədiklərini bildirib:

“Ayxan müəllimin də, mənim də kubok təcrübəmiz var. “Neftçi” kimi klubla üz-üzə gələcəyik. Əlimizdən gələni etməliyik. Unutmayaq ki, avrokuboklara getməyin ən qısa yolu kubokdur”.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43