Dünyadan

Ceymi Uord: “Azərbaycanı məğlub etsək, qrupda 2-ci ola bilərik”

Azərbaycan milli komandası sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Şimali İrlandiya millisinin hücumçusu Ceymi Uord sabahkı matçla bağlı ölkəsinin mətbuatına danışıb. Zədəli olduğu üçün millimizə qarşı forma geyinməyəcək futbolçu bunları deyib:

“Zədələndiyim üçün komandama kömək edə bilməyəcəm. Fikrimcə, millimizdə hücumçu problemi yoxdu. Kayl Lafferti bu işin öhdəsindən layiqincə gələcək. Komandamıza güvənirəm. İnanıram ki, biz sabah qələbə qazanacağıq. Bu qələbə qrupda ikinci pilləyə yüksəlməyimizə kömək edə bilər. Martda keçiriləcək oyunlara daha rahat çıxmaq üçün sabah mütləq qalib gəlməliyik. Avropa çempionatından sonra dünya çempionatında da iştirak etmək möhtəşəm olar. Buna görə də, Azərbaycanla oyun çox vacibdi”.

Xatırladaq ki, sabah baş tutacaq Şimali İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43