Azərbaycanın "Qarabağ" klubu ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Şotlandiya "Seltik"inin yeganə qolunu vurmuş futbolçu Dedrik Boyat oyun haqqında fikirlərini bölüşüb.
İdmanxeber.com-un məlumatına görə, 25 yaşlı müdafiəçi bildirib ki, seçdikləri düzgün taktika sayəsində müsbət nəticəyə nail olublar.
Lakin Konqo əsilli belçikalı oyunçu cavab görüşündə "Qarabağ"ın da lazımi nəticəni qazanmaq imkanının olduğunu vurğulayıb. O, Bakıdakı qarşılaşmanın "Seltik" üçün çətin keçəcəyini etiraf edib: "Öz meydanımızda qalib gəlmişik və Bakıya üstünlüklə yollanırıq. Amma hələ daha 90 dəqiqə oynamalıyıq. Bu isə həqiqətən ağır olacaq. Bilirik ki, səfər qolu bizim üçün çox vacibdir. Bakıda da qalib gəlməyə qadirik. 90 dəqiqə ərzində nələrin baş verəcəyini heç vaxt bilmək olmur. Amma biz yaxşı nəticə ilə qayıda bilərik".
Qeyd edək ki, Avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:30-da başlanacaq.