Millimizin müdafiəçisi Maksim Medvedev Qazaxıstanla yoxlama oyunu öncəsi müsahibə verib.
– Maksim, bütün karyeranızı “Qarabağ”da keçirmisiniz və 10 ildir ki, Qurban Qurbanovun rəhbərliyi altında oynayırsınız. Bu mütəxəssis hansı oyun fəlsəfəsi tərəfdarıdır? Meydanda sizdən nə tələb edir?
“Qarabağ”da 12, Qurban Qurbanovun rəhbərliyi altında isə 10 ildir çıxış edirəm. Bu mütəxəssisin özünəməxsus fəlsəfəsi var. O, intizamlı oyun tərəfdarıdır, topa daha çox sahib olmağı və kombinasiyalı oyun qurmağı sevir.
– Sizcə, federasiyanız niyə məhz rəqib kimi Qazaxıstanı seçib?
– Qazaxıstan yaxşı komandadır. Baxımlı oyun göstərməyi sevir, yaxşı müdafiə olunur və hücumda da çox effektivdir. Hətta bizim bəzi oxşar tərəflərimiz də var.
– Siz özünüz Qazaxıstan millisinin gücünü necə dəyərləndirirsiniz?
– Qazaxıstan millisi yüksək səviyyədə oynamağa qadirdir. Aydın məsələdir ki, yoldaşlıq oyunlarında komandalar bütün gücünü göstərmirlər. Dəqiq fikir bildirmək üçün Millətlər Liqasındakı oyunları gözləmək lazımdır.
– Bizim millimizin heyətində hansısa oyunçunu tanıyırsızmı? Kimi fərqləndirə bilərsiniz?
– Şəxsən heç kimi tanımıram, ancaq son oyundan bəzi futbolçuları xatırlayıram. Sizin komanda kollektiv futbol oynadığı üçün kimisə fərqləndirmək mümkün olmur.
– Qazaxıstana qarşı iki dəfə oynamaq imkanınız olub. Komandamızın hansı güclü və zəif cəhətlərini qeyd edə bilərsiniz?
– Komanda müdafiədən hücuma çox yaxşı çıxır, matç ərzində aqressiv oynayır. Amma Qazaxıstanın indi hansı səviyyədə olduğundan xəbərim yoxdur. Oyunda biləcəyik ki, son zamanlar komanda necə dəyişib.
– Demək olarmı ki, Qazaxıstan və Azərbaycan eynigüclü komandalardır?
– Düşünürəm ki, bəli. Komandaları gücünə görə müqayisə etmək olar, əsas fərq məşqçi fəlsəfəsindədir.
– Azarkeş dəstəyini nəzərə alaraq, Qazaxıstanın favorit olduğunu demək mümkündür?
– Əlbəttə, Qazaxıstan matçın favoriti olacaq. Çünki doğma divarlar komandanı dəstəkləyəcək.
– Azərbaycan millisi üçün bu oyunda qələbə nə dərəcədə vacibdir?
– Hər komanda bütün oyunlarda qələbə qazanmaq istəyir. Eləcə də biz. Yoldaşlıq və ya rəsmi oyun olmasından asılı olmayaraq, qələbə kollektivdə ruh yüksəkliyi yaradır.
– Qazaxıstanın Millətlər Liqasındakı şanslarını necə dəyərləndirirsiniz?
– Bizim kimi sizin komandanızın da qabağa getmək şansları var. Hər iki komanda qrupdan çıxa bilər. Əsas məsələ rəqiblərə hörmətlə yanaşmaq və öz oyununu oynamaqdır.