Ölkə futbolu

Futbolçuların “papaq atmaq” planları – SORĞU

Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu – "İlaxır çərşənbə”dir.

İnanclarla dolu çərşənbə axşamı qapılara papaq atılıması hər kəsin sevdiyi adətlərdəndi.

Maraqlıdır ki, bizim futbolçular görəsən kimin qapısına papaq atmaq fikrindədilər? 

Məhz buna görə, İdmanxeber.com futbolçular arasında sorğu edib. Cavablar maraqlı və bir o qədər də gülməlidi.

Bahadur Nasimov ("Neftçi"): "Bizim də ölkəmiz də novruz bayramı qeyd olunur. Azərbaycanda olduğumdan komandayla birgə bu bayramı keçirəcəm. Qaldı ki, apapaq atmağa… Açığı vaxt yoxdu buna. Yəni, biz hal-hazırda sabahkı "İnter"lə matça hazırlaşırıq. Klubun bazasındayıq. İmkan tapıb komanda yoldaşlarımın birinin otağına papaq atacam".

Şəhriyar Əliyev ("Bakı"): "3-4 il bundan öncə papaq atmışam. İndi isə utanıram. Ona görə də, papaq atmayacam. Açığı çox istərdim ki, cənab prezident İlham Əliyevin evinə papaq atım (gülür)"

Ruslan Əmircanov ("İnter"): "Bahadur Nasimov, Mirhüseyn Seyidov, Asif Məmmədov və bir də əmimgilə papaq atmaq istəyərdim. Ancaq bu planım baş tutmayacaq. Çünki komandayla birgəyik. Sabahkı "Neftçi" oyununa hazırlaşdığımızdan buna vaxt yoxdu".

Mahir Şükürov ("Neftçi"):  "Hansısa evə papaq atmaq fikrim yoxdu. Ancaq bayramı uşaqlarla birgə qeyd edəcəm. Bundan əlavə vaxt tapıb axşam evə gedib, ailəmlə birgə bayramı qeyd edəcəm".

Vuqar Nadirov ("Qarabağ"): "Bu gün komandayla birgə oteldəyik. Sabah oyunumuzun olmasına görə, elə bayramı burda keçirəcəyik. Ancaq papaq atacam. Uşaqların birinin otağına papaq atacam, mütləq".

Araz Abdullayev ("Neftçi"): "Axşam bayramı evdə, ailəmlə birgə keçirdəcəm. Papaq atmaqla bağlı hələ ki, bir fikrim yoxdu".

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43