Bir dönəm “Sumqayıt”da çıxış etmiş Dmitri Nağıyev İdmanxeber.az saytına müsahibə verib. Hazırda Ukraynanın “Obolon” komandasına forma geyinən U-21 millimizin sabiq üzvü ilə Azərbaycan çempionatı və digər məsələlər barədə danışdıq.
– Azərbaycan Premyer Liqasını izləyirsən?
İmkan düşdükcə “Sumqayıt”ın oyunlarına baxıram. “Qarabağ”ın avrokubok görüşlərini də izləyirəm. Azərbaycan çempionatını diqqətdə saxlamağa çalışıram. Hər turdan sonra videoicmallara göz gəzdirirəm, nəticələrdən xəbərim olur.
– Azərbaycan klublarından təklif almısan?
Agentimə heç bir təklif gəlməyib. Hazırda Ukrayna klubu ilə müqaviləm var. Azərbaycanda təklif gəlsə, məmnuniyyətlə gözdən keçirərəm. Ancaq indi diqqətimi yalnız “Obolon”a yönəltmişəm. Çempionatda istədiyimiz mövqedə deyilik. Düzdü, faciəvi heç nə yoxdur. Hər şey əlimizdədir. Vəziyyəti dəyişə bilərik.
– U-21 millimizdə çıxış etsən də, əsas yığmaya dəvət ala bilmədin. Səncə, niyə alınmadı?
Mənim mövqeyimdə yaxşı futbolçular var. Məşqçilər onları seçmək qərarını verdilər. Hörmət etmək lazımdır. Burada qərar mənim deyil. Məşqçilərin seçimlərinə həmişə hörmətlə yanaşıram. Edəcək bir şey yoxdur. Həyat davam edir.
– Ukrayna çempionatı ilə bizim Premyer Liqa arasında fərq çoxdur?
Burada oyunun intensivliyi daha yüksəkdir. Ukraynada futbolun səviyyəsi çox irəli gedib. Amma Azərbaycanda da oynamaq asan deyil. Orada da yaxşı komandalar var.
– Müharibə futbola da çox təsir edib?
İnsanlar ruhən müharibədən yorulub. Təbii ki, həyatın bütün sahələrinə təsir edir. Dolğun, xoşbəxt həyat yoxdur. Hər kəs Ukraynadakı müharibənin tezliklə bitəcəyinə ümid edir.
Həsən Quluzadə