Kateqoriyasız

İmzalandı: “Çernomorets”in 4-cü futbolçusu rəsmən “Qəbələ”də

“Qəbələ” növbəti transferini gerçəkləşdirib. “Qırmızı-qaralar” Belarus milli komandasının yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib. 27 yaşlı futbolçu ilə yarım illik müqavilə imzalanıb.

Minskin “Smena” klubunun yetirməsi olan orta sahə oyunçusu 15 yaşında BATE-yə keçib. 5 il bu komandada çıxış etdikdən sonra Sivakov İtaliyanın “Kalyari” klubuna transfer olunub. 2009-11-ci illərdə Apennin təmsilçisinin üzvü olan yarımmüdafiəçi icarə əsasında “Pyaçentsa” və Polşanın “Visla” klubunun da formasını geyib. 2011-2012-ci illərdə Belçikanın “Zulte Varegem” klubunda top qovan belaruslu yenidə BATE-yə qayıdıb. Əvvəl icarə əsasında Borisov təmsilçisinin formasını geyən Sivakov sonra bu kluba keçib. 2014-cü ildə vətənində “Qomel”, Ukraynada “Çernomorets”in şərəfini qoruyan yarımmüdafiəçi Odessa təmsilçisində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.

4 dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində ölkə kuboku və Superkubokunu da qazanıb. 2004-cü ildən milli komandalara cəlb olunan Sivakov ölkəsinin U-17, U-19, U-21, olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, “Qəbələ” Sivakova qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb. (Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43