İdman

“Komanda oynayır, məşqçi uduzur” – “Neftçi”nin üzvü

“Gəncə” oyunundan öncə Bakıda “Olimpik Şəki” komandasına qarşı yaxşı oynayıb qalib gəldik. Ancaq belə məğlubiyyət gözləmirdik. Baş məşqçinin heyəti düzgün seçməməyi bu nəticəyə gətirib çıxardı”.

Bu sözləri idmanxeber.az saytına basketbol üzrə  “Neftçi İK” komandasının oyunçusu Kamran İmanov çempionatın 19-cu turunda səfərdə “Gəncə”yə uduzduqları oyun (83:73) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“3 hissə bizdən heç bir uzunboylu oyunçu meydanda çıxmadı. Rəqibdə isə 3-4 belə oyunçu var idi. Bütün “qaçan toplar”ı onlar götürürdülər. Baş məşqçi Omid Nejat yeni bir sistem yoxlasa da, 3 oyundur alınmır. Bu görüşdə mənə şans vermədi. Niyə belə etdiyini bilmirəm. Bundan əvvəl zədəm var idi, ancaq bu matç üçün hazır idim. Açığı, oynayacağımı gözləyirdim.

Matçdan sonra legionerlərlə söhbət zamanı problemin nə olduğunu soruşuram. Onlar da məşqçinin nə etmək istədiyini anlamadıqlarını deyirlər. Yəni ki, təkcə mən deyiləm onu başa düşməyən”.

İmanov qarşıdakı oyunlarda “Neftçi İK”nin çempionluq şanslarının qalmadığını da bildirib. O, hazırkı baş məşqçinin gəlişinin ardından işlərin yaxşı getmədiyini açıqlayıb:

“İndi bütün diqqətlərimizi kubok oyunlarına yönəltməliyik. Açığı, bu məşqçiyə inanmıram. Rəhbərlik hər şey edir, istənilən şəraiti yaradır. Ancaq idmanda belə bir söz var: komanda qalib gəlir, məşqçi uduzur. Bu barədə yekun qərarı rəhbərlik verməlidir. Basketbol komanda oyunudur. Heyəti düz seçməlisən. Özü ilə söhbət edəndə də heç kimə qulaq asmır. Nəsə deyən kimi “məşqçi sənsən?” deyir. Açığı, bəzi məşqləri normaldır. Müdafiəmiz düzəlib. Ancaq heyəti seçmək baxımından düzgün qərarlar vermir.

Bu gələnə qədər mənim performansım ilk sırada idi. Komandada ən yaxşı ribaund götürən mən idim. Ancaq Omid Nejat gələndən sonra hər şey dəyişdi. Əgər məqsəd ölkə basketbolunun inkişafıdırsa, komandaya yerli məşqçi gətirilsə daha yaxşı olar”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43