27 Dekabr 2024
Ölkə futbolu

“Komandanın güclənməyə ehtiyacı var” – “Turan Tovuz”un kapitanı

Qış təlim-məşq toplanışını Antalyada davam etdirən “Turan Tovuz” bu gün Rumıniyanın “Voluntari” klubu ilə üz-üzə gələcək. Bir neçə gündür Türkiyədə hazırlıqlara start verən bölgə təmsilçisinin kapitanı Şəhriyar Əliyevlə söhbət etdik. O, İdmanxeber.az saytına verdiyi müsahibədə Antalyadakı toplanışı dəyərləndirdi:

– Bir neçə gündür Antalyadasınız hazırlıqlar necə gedir?

Yanvarın 3-dən buradayıq. Hazırlığımız çox yaxşı davam edir. Gündə iki məşq edirik. Bu gün artıq ilk yoxlama matçımıza çıxacağıq. İstirahətdən gəldiyimiz üçün ilk öncə fiziki durumumuzu düzəltməliyik. Hər şey yaxşıdı. Burada hava şəraiti, meydançaların ideal olması məşqlərin səviyyəsinə təsir edir. Taktiki cəhətdən də istədiyimiz məşqi edə bilirik. Çempionat başlayana qədər formamızı bərpa etməyə çalışacağıq.

– Zədənlə bağlı vəziyyət necədir? Sağalmısan?

Tam sağalmışam. İkinci dövrə oynaya biləcəm. Hazırlıq dönəmində yaxşı məşq etmək, güc yığmaq lazımdır. Bir müddət komandadan ayrı qaldığım üçün fiziki durumum zəifləmişdi. Ancaq qısa vaxtda bunu bərpa etməyə çalışıram.

– Transfer dönəmi davam edir. Səncə, komandanın güclənməyə ehtiyacı var?

Əlbəttə, ehtiyacı var. Bu məsələ ilə bağlı rəhbərlik, məşqçilər heyəti məşğul olur. Biz əlimizdən gələn qədər maksikum çalışırıq, öz durumumuzu düzəltmək istəyirik. İkinci dövrə daha çətin keçəcək. Komandalar yeni futbolçular cəlb edir heyətə. Hamı nəticə qazanmağa çalışır. Biz də həmçinin güclənməliyik. Mövsümün ilk yarısında zədədən çox əziyyət çəkdik. Tam heyət ola bilmirdik. Amma qışda transfer məsələsi də çətin olur. Oyunçuların klubları ilə müqavilələri var, transfer etmək o qədər asan deyil. İndi yaxşı futbolçu tapmaq çətindir. 

– Legionerlər hələ tam qoşulmayıb heyətə. Deyəsən, sizdən çox istirahət etdilər…

Deməzdim. Onlar da il boyu ölkəsindən uzaq qalırlar. Elə 4-5 gün yollarda olurlar. Belə baxanda, cəmi bir həftə istirahət edə biliblər. Biz evimizdəyik, ailəmizlə birlikdə oluruq. Amma onlar da vəziyyət başqadır. Məncə, gec qoşulmaları normaldı.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43