“Xəzər Lənkəran” 2014-cü ildə ilk ev qələbəsini qazandı. İdmanxeber.com-un məlumatına görə, ötən il dekabrın 20-də “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub etdikdən sonra öz meydanında 4 qarşılaşmaya çıxan komanda həmin görüşlərdə qalib gələ bilməmişdi.
Bu il “Neftçi” (2:2) və “İnter”lə (1:1) heç-heçə edən, “Bakı”ya 0:2, “Simurq”a 1:3 hesabı ilə məğlub olan Mustafa Dənizlinin yetirmələri 106 gündən sonra doğma meydanda 3 xal əldə etdi.
4 oyunluq qələbə həsrətinə son qoyan “Xəzər Lənkəran” cari mövsüm imza atdığı klub tarixinin antirekordunu təkrarladıqdan sonra onun yenilənməsinə imkan vermədi. Komanda ötən ilin sentyabr-dekabr aylarında da ardıcıl 4 ev oyununda qalib gəlməmişdi.
Uğursuz seriyaya Topaz Premyer Liqasının XXIX turunun “Qəbələ” ilə oyunundakı 1:0 hesablı qələbə ilə son qoyan “Xəzər Lənkəran” Etame Mbillanın qolu ilə qalib gəldi. Kamerunlu futbolçu bununla da cari mövsüm Premyer Liqada vurduğu qolların sayını 9-a çatdırdı. Etamenin göstəricisi son 4 ildə “Xəzər Lənkəran”ın heyətində ən yüksək məhsuldarlıqdı. Sonuncu dəfə bu komandada 9 və daha çox qol vuran oyunçusu buna 2009/10 mövsümündə nail olmuşdu.
Mövsüm | Futbolçu | Qol | Oyun |
2004/05 | Oqtay Dərəlioğlu | 17 | 21 |
2004/05 | Samir Əliyev | 20 | 31 |
2006/07 | Zaur Ramazanov | 20 | 24 |
2007/08 | Zaur Ramazanov | 11 | 25 |
2008/09 | İvan Tsvetkov | 15 | 21 |
2009/10 | Allan Lalin | 9 | 27 |
2009/10 | Mario Souza | 9 | 28 |
2013/14 | Etame Mbilla | 9 | 25 |