27 Dekabr 2024
Ölkə futbolu

“Meydana çıxacaq hər bir futbolçu yalnız qələbə üçün oynayacaq”

“Neftçi” PFK-nın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– Arif müəllim, “Qarabağ” klubu ilə oyuna hazırlıq barədə məlumat verərdiniz.


Kubok oyunundan sonra bütün diqqətimizi “Qarabağ” klubu ilə görüşə
yönəltmişik. Təəssüf ki, heyətlə bağlı problemlərimiz var. Vobay və
Kauenin zədəli olması planlarımızı müəyyən mənada pozur. Bundan başqa,
Elvin Yunuszadə və Elnur Allahverdiyev cəzalı durumdadırlar. Bütün bu
çətinliklərə baxmayaraq biz həftə sonu meydana yalnız qələbə üçün
çıxacağıq.

– Bu futbolçuların yoxluğunda kimlərə şans verməyi düşünürsünüz?


Biz son oyunlarda Nicat Qurbanov, Elvin Bədəlov və Emin Mehtiyevin
xidmətindən yararlandıq. Müəyyən qədər oyun praktikasından əziyyət
çəkirlər. Məsələn, “Qəbələ” ilə oyunda Elvin Bədəlov müəyyən qədər
çətinlik çəkmişdi, amma ikinci hissədə daha yaxşı oynadı. “Qaradağ
Lökbatan” klubu ilə kubok matçında Emin Mehtiyev etimadı doğrultdu. Yəni
oynadıqca bu problemlər də aradan qalxacaq. Onlar əsas heyətin
üzvləridir və start heyətində möhkəmlənməyə çalışırlar. Komandada sağlam
rəqabət mühiti formalaşıb və belə olan halda inkişaf da olacaq.


“Qarabağ” klubu ilə matçı 6 xallıq oyun kimi də qələmə vermək olar. Bu
oyun liderlə xal fərqini azaltmaq baxımından da əhəmiyyətlidir.


“Neftçi” hər zaman yalnız çempionluq uğrunda mübarizə aparıb. Bu
baxımdan qələbə qazanaraq xal fərqini azaltmaq istəyirik. Heyətlə bağlı
çətinliklərimiz olsa da, meydana çıxacaq hər bir futbolçu yalnız qələbə
üçün oynayacaq.

– Son oyunlardakı ardıcıl xal itkiləri və heyətlə bağlı problemlər komandada hər hansı psixoloji gərginlik yaratmayıb?


Təbii ki, heyətdə cəzalı və zədəli futbolçular çox olanda stabil heyət
qurmaqda çətinlik çəkirik. Bu mənada problemlər ola bilər. Amma
psixoloji baxımdan hər şey qaydasındadır. Hər kəs üzərinə düşən
məsuliyyəti anlayır və peşəkarlıqla əlindən gələnin ən yaxşısını etməyə
çalışır.


Son oyunlarda start heyətində meydana çıxmış qapıçı Emil Balayev
Almaniyanın “Ayntraxt” klubunda baxışdadır. Onun yoxluğu nə kimi təsir
göstərir?


Emil Balayev gənc və perspektivli qapıçıdır. Futbolda səhvlər
qaçılmazdır. Bununla belə, biz Emilə şans verdik və o, ümidlərimizi
doğrultdu. Onu start heyətində meydana buraxmaqla legioner limitindən də
daha səmərəli yararlana bilirdik. Bununla belə, klub rəhbərliyi də gənc
yerli futbolçuların inkişafına hər zaman xüsusi həssaslıqla yanaşıb.
Klubun da inkişaf strategiyası budur ki, gənc futbolçular burada
özlərini inkişaf etdirib güclü xarici klubların diqqət mərkəzində
düşsünlər. Bu ümumilikdə Azərbaycan futbolunun inkişafı baxımından
əhəmiyyətlidir. Gələcəkdə digər futbolçularımız da legioner həyatı
yaşamaq istəsələr, biz öz dəstəyimizi əsirgəməyəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43