27 Dekabr 2024
Müsahibə

“Neftçi” və “Araz Naxçıvan”ın azarkeşiyəm” – MÜSAHİBƏ

“Araz Naxçıvan”ın xanım azarkeşinin müsahibəsi ilə sizi tanış edirik:

– Zəhmət olmasa, özünüzü təqdim edin.

– Afət Quliyeva. Samux rayonunda doğulmuşam. Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq və Beynəlxalq Münasibətlər” fakültəsinin 4-cü kurs tələbəsiyəm. Hazırda Cüdo Federasiyasında tərcüməçi, həmçinin “Gənclik” Tələbə İdman Cəmiyyətinin “Təşkilati işlər və Beynəlxalq Əlaqələr” şöbəsində baş mütəxəssis işləyirəm.

– Cüdo idmanı sahəsində çalışsanız da, futbolla da maraqlanırsınız…

– Bəli, artıq 12 ildir futbolla maraqlanıram. Belə ki, 2002-ci ildə Yaponiyada keçirilən Dünya Çempionatını daimi olaraq atamla izləyirdim və bundan sonra hiss etdim ki, artıq məndə bəzi xanımlardan fərqli olaraq bu idman növünə simpatiya yaranıb. İmkan olanda stadiondan canlı olaraq da matçları izləyirəm.

– Hansı kluba azarkeşlik edirsiniz?

– Dünya futbolunda “Qalatasaray” azarkeşiyəm. Azərbaycanda isə “Neftçi” və “Araz-Naxçıvan”ı dəstəkləyirəm. Çox istəyirəm ki, “Araz-Naxçıvan” bu il birinci divizionun qalibi olaraq Topaz Premyer Liqasına vəsiqə qazansın. İnanıram ki, bununla da Topaz Premyer Liqasına yeni abu-hava, rəngarənglik gələcək. Çünki bu gün “Xəzər-Lənkəran”, “Qəbələ” Premyer Liqamıza ən çox azarkeşlərinə görə rəng qatır. Bu sırada “Araz-Naxçıvan”ı da görmək istəyirəm.

– Siz həm də “Araz-Naxçıvan”ın “feysbuk” səhifəsinin fəal istifadəçilərindən birisiniz.

– Bəli. “Araz-Naxçıvan” haqqında əsas məlumatı bu səhifədən və klubun rəsmi saytından alıram. Klubda gedən hər bir yenilikdən xəbərim olur. Bugün “Araz-Naxçıvan” 11 ildən sonra böyük futbola qayıtmaqla bərabər turnir cədvəlinin lideridir. Bunun sayəsində də “Araz-Naxçıvan” özündən söz etdirməyi bacarır. Bu da bir azarkeş kimi məni sevindirir.

– Özünüz idmanla məşğul olursunuz?

– Yox, lap əvvəllər 1 ay cüdo ilə məşğul oldum. Sonra gördüm ki, bu iş mənlik deyil(gülür). Çünki, çox əziyyətli bir idman növüdür.

– Amma cüdoya olan sevginiz sizi yendiən bu sahədə işləməyə gətirib çıxardı…

– Çalışırdım ki, özümü hardasa cüdoda tapım. Çünki bu idman növünə marağım böyük idi. Amma anam çalışırdı ki, mən bu sahədən uzaq durum (gülür). Son nəticədə mən Azərbaycan Dillər Universitetinin “Regionşünaslıq və Beynəlxalq Münasibətlər” fakültəsinə daxil oldum və bu sahədə işləməyimə şərait yarandı. Beləliklə həm anamın, həm də öz istəyimə çatmış oldum.

– Həm cüdo, həm də futbolla maraqlanırsınız. Hansı idman növündə qalib olmaq daha çətindir?

– Hər iki idman növündə qalibiyyət alın təri ilə qazanılır. Qalib olmaq üçün çox çalışmaq lazımdır. Cüdonun “svadka”sı 5 dəqiqə olduğundan, maksimum 20-25 dəqiqə əziyyət çəkməli olursan. Amma ununtmayaq ki, futbol kollektiv oyunudur. 90 və ya bəzən 120 dəqiqə meydanda olmaq insandan xarakter, cəsarət və məğrurluq tələb edir. Hər iki idman sahəsində qalib olmaq üçün yalnız və yalnız çalışmaq lazımdır.

– Sonuncu sualımı verirəm. Qeyd etdiniz ki, Topaz Premyer Liqasında “Neftçi”yə, birinci divizionda isə “Araz-Naxçıvan”a azarkeşlik edirsiniz. Komandamız Topaz Premyer Liqasına yüksələcəyi təqdirdə, bəs hansı komandaya azarkeşlik edəcəksiniz?

– O zaman gözəl futbola tamaşa edib bu oyundan zövq almağa çalışacam.

Söhbətləşdi: Emin…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43