Müsahibə

“Neftçi”nin vitse-prezidenti: “Səndən asılı olmayan bir şeyə görə söz vermək çətindir” – MÜSAHİBƏ

“Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

– “Qəbələ” ilə oyun barədə nə deyə bilərsiniz?
– Qış fasiləsindən sonra oyunumuz o qədər də uğurlu alınmırdı. Amma “Xəzər Lənkəran” üzərində qələbə dönüş nöqtəsi oldu. Artıq ardıcıl iki oyundur qələbə qazanırıq. Bu tempdə davam etməyə çalışacağıq. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Çünki Premyer Liqada asan rəqib yoxdur. İstənilən komandadan sürpriz gözləmək olar. Həm də liderlər üçün turnir cədvəlinin alt pillələrində qərarlaşan komandalarla oyunlara köklənmək bir qədər çətin olur.

– “Neftçi” “Qarabağ”a çata biləcək?
– Xal fərqini azaltmağa çalışırıq. Hazırda 10 xallıq fərq var. Bu, az fərq deyil. Amma bizim AZAL ilə ehtiyatda oyunumuz var. Ayın 19-da keçiriləcək “Qarabağ”la oyunumuz isə daha vacibdir.

– İlk hissədən sonra paltardəyişmə otağına yollandınız. Orada komanda üzvlərinə nə dediniz?
– Bu, bir qədər təxribat xarakterli sualdır. Əsas odur ki, komanda ondan sonra toparlandı və ikinci hissədə öz oyununu göstərdi.

– Ernest Nforla Araz Abdullayev əvəzedici komandaya göndərildi, sonra geri qaytarıldı. Sizə elə gəlmir ki, bunlar qeyri-ciddi addımdır? Həm də bu gün biz gördük ki, “Neftçi” güclü oynamadı, sadəcə, “Qəbələ” zəif çıxış etdi…
– Media həmişə oyunçuların intizam məsələlərini qabardır. Əgər hansısa futbolçu məşq və oyunlar zamanı istək nümayiş etdirmirsə, buna görə cəzalanmalıdır. Əvəzedici komandaya göndərilmək də ən yaxşı variantlardan biridir. Həm formasını bərpa edir, həm də öz üzərində çalışır. Nfor əvəzedici heyətdə özünü yaxşı tərəfdən göstərdi, iki qol vurdu. Baş məşqçi ilə danışdı və hazır olduğunu bildirdi.

– Oyundan öncə bildirilirdi ki, “Neftçi” Qəbələdə uduzsa, Arif Əsədov istefaya göndəriləcək…
– “Neftçi” üzərində həmişə məlum təzyiqlər olub. Belə söhbətlərdə də qəribə heç nə yoxdur. Bunlar az qala hər oyundan öncə səsləndirilir.

– “Neftçi” azarkeşləri komandadan uğur gözləyir. Siz onlara nə söz verə bilərsiniz?
– Maraqlı sualdır. Amma səndən asılı olmayan bir şeyə görə söz vermək çətindir. Futbolda heç nəyə zəmanət verə bilməzsən. Lakin biz qarşıya qoyulan məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43