“Qəbələ” sonuncu pillədə olsa da, yaxşı komandadır. Bu görüşə ciddi hazırlanmışıq. Rəqiblərin hamısına eyni yanaşmaq lazımdır. Komanda yaxşı formadadır. Çempionatın ikinci yarısı hələ yeni başlayıb. Əlimizdən gələni etməyə çalışırıq. Ardıcıl qələbələr qazanmaq istəyirik. Hədəflərimiz var. Avrokuboklara vəsiqə qazanmaq niyyətindədiyik. Mövsümü ön sıralarda tamamlamaq üçün mübarizə aparırıq”.
Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan Premyer Liqası 22-ci turu çərçivəsində qarşılaşacaqları “Qəbələ” görüşü barədə danışarkən deyib. İcarə əsasında mövsüm sonuna qədər Tovuz klubunda çıxış edəcək yarımmüdafiəçi əsas hədəfinin ölkə xaricində oynamaq olduğunu bildirib:
“Ötən mövsüm daha çox oynayırdım. Ölkə xaricindən təkliflər olsa da, özüm getmək istəmədim. Bu il isə fikrim var idi, ancaq az forma şansı qazandığım üçün uyğun təkliflər olmadı. Bu hədəfimi reallaşdırmaq üçün çalışacam. Ölkə xaricində çıxış etmək əsas hədəflərindəm biridir”.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Zülfüqarlı mövsüm sonu “ağ-qaralar”a qayıdıb-qayıtmayacağı barədə də danışıb. O, bir şərtlə paytaxt təmsilçisində qalacağını açıqlayıb:
“Harada daha çox meydana çıxacamsa, forma şansı qazanacamsa, orada oynamaq istəyirəm. Çünki hədəflərim arasında milli komandada çıxış etmək var. Bunun üçün isə davamlı oynamaq lazımdır. Qərarımı buna görə verəcəm. Müqavilə ilə “Neftçi”yə məxsusam. Əgər orada davamlı oynayaramsa, qalacam. Alınmasa isə başqa kluba gedəcəm.
Ümumiyyətlə, məşqçilər futbolçuya güvənsə, zaman versə, hər kəs oynaya bilər. Təbii ki, hər şey oyunçunun məşqindən asılı deyil. Əlavə hazırlıqlar, futboldan kənar həyat da vacibdir. Bunlara diqqət etdiyin zaman bütün klublarda oynaya bilərsən. Hazırda öz formamı daha da yaxşı etməyə çalışıram. Cəmi 3 oyun keçirimişik. Burada məşqçi mənə güvənir. Əlimdən gələni edib daha da yaxşı olmaq istəyirəm”.
Həsən Quluzadə