“Bakı” klubunun baş məşqçisi Milinko Pantiçin AZAL-la oyunöncəsi fikirlərini bölüşüb.
Klubun rəsmi saytına danışan serbiyalı mütəxəssis AZAL-dan revanş almağa çalışacaqlarını bildirib:
“Ağır görüş olacağı dəqiqdi. Çünki AZAL 1 xal bizdən çox toplamaqla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Görünür, nəsə var ki, onlar bizdən öndədi. Belədə hansı rahat qarşılaşmadan danışmaq olar?! Təəssüf ki, yığmadan qayıdan Kamran Ağayev və Şəhriyar Əliyevin xidmətindən istifadə edə bilməyəcəm. Amma bu bizi ruhdan salmamalıdı.
Kim meydana çıxırsa, o da öz vəzifəsini dəqiq anlamalıdı. Çempionatın əvvəlində AZAL-a yenildik. Belədə rəqibdən revanş almaq istəyirik. Əlbəttə, Kamranın yoxluğu bizim üçün böyük itkidir. Qərara gəldik ki, o yenidən cərrahi əməliyyata məruz qalsın. Lakin heyətdə 3 güclü qapıçımız var. Sabah kimə güvənəcəyimi hələ müəyyənləşdirməmişəm”.
Qeyd edək ki, “Bakı” – AZAL oyunu sabah, saat 16:00-da başlayacaq.