“Bakı” klubu “Neftçi” ilə oyuna hazırlıqlarını bu gün səhər vaxtlarında keçirdiyi məşqlə davam edib.
Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçirib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Elvin Әliyev məşqdə iştirak etməyib. Şəhriyar Әliyev və Junior komandadan ayrı çalışıblar.
Milinko Pantiç “Neftçi” ilə qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb: “Bizi çox çətin bir oyun gözləyir. “Neftçi” böyük klubdur və bizimlə oyunda onları favorit saymaq olar. Buna baxmayaraq biz əlimizdən gələni edəcəyik ki nəticədə qalib gələk. Məncə, əgər hakim səhvləri və digər amillərin təsiri olmasa, bizi gözəl bir matç gözləyir”.
Xatırladaq ki, Topaz Premyer Liqasının 5-ci turu cərçivəsində keçiriləcək “Bakı” – “Neftçi” matçı avqustun 31-də, saat 18:00-da “Bakı”-nın təlim-məşq bazasının stadionunda baş tutacaq.