İdman

Pedro Enrike “Qarabağ”dan ayrılır

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike qış fasiləsində Ağdam klubunu tərk edə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məlumatı Yunanıstanın sport24.gr saytı yayıb.

 

Xəbərdə bildirilir ki, Azərbaycan çempionunun mövsümün əvvəlində icarəyə götürdüyü braziliyalı müqavilə ilə məxsus olduğu PAOK klubuna dönməyə hazırlaşır. Doğrudu, Pedronun icarə müddəti cari mövsümün sonuna qədərdi. Lakin Yunanıstan təmsilçisi onu qışda qaytarmaq niyyətindədi.

 

Dönüşün erkən baş tutma ehtimalını yaradan səbəblərdən biri kimi, “Qarabağ”ın müqavilədə nəzərdə tutulan məbləğin yüksək olduğunu qarşı tərəfə bildirməsi göstərilib. Ağdamlılar bu üzdən Çempionlar Liqasında qrup mərhələsi başa çatdıqdan sonra Pedronu öz klubuna qaytarmağı planlaşdırırlar.

 

Həmçinin futbolçu özü də daha yüksək rəqabətli çempionatda oynamaq istədiyindən, klubuna qayıtmaqda maraqlıdı. PAOK rəhbərliyində təmsil olunan Lüboş Mixel də “sambaçı”nın qayıtmasının tərəfdarlarındandı.

 

Digər səbəb isə futbolçunun mövsüm ərzində 3-cü klubda oynamaq şansının olmamasıdı. Cari mövsüm həm PAOK, həm də “Qarabağ”da meydana çıxan Pedro başqa bir komandaya keçərsə, mövsümün sonuna qədər orda meydana çıxa bilməz. Lakin bu məsələdə son sözü PAOK-un baş məşqçisi Razvan Luçesku deyəcək.

 

Qeyd edək ki, Pedro Enrike cəzalı olduğundan, Çempionlar Liqasının V turunda “Çelsi” ilə matçı buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43