“Braqa” klubunun futbolçusu Joao Moutinyo “Qarabağ”a 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi zəif çıxış etdiklərini etiraf edib:
“Çempionatda “Sportinq”ə məğlubiyyətdən sonra burada başqa cür oyun göstərmək istəyirdik. Təəssüf ki, bacarmadıq. Başda mən olmaqla, hər kəs daha çoxunu etməlidir. Təkcə sözlə deyil, meydanda hərəkət etməklə nəyəsə nail ola bilərik. Əlimizdən gələni etməli və həmişə 100 faiz gücümüzü ortaya qoymalıyıq.
Bütün oyunlar son dərəcə çətindir. Rəqiblərin daha çox istəmələrinə imkan verə bilmərik. Söhbət təkcə keyfiyyətdən getmir. Bu, istəkdə, iradədə özünü göstərməlidir”.
“Qarabağ” Avropa Liqasında çox yaxşı komanda olduğunu göstərdi. Mərhələ adlamaq üçün böyük inamları var. “Qarabağ”a fərqli münasibət göstərməliyik”.
Tərəflər arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.