Xəbər verdiyimiz kimi, türkiyəli futbolçu Şükrü Anıl Tökdemir hazırda “Qarabağ”ın düşərgəsində baxışdadı.
Ağdam klubunun düşərgəsində olan 19 yaşlı futbolçunun komandada qalıb-qalmayacağına baş məşqçi Qurban Qurbanov qərar verəcək.
Son olaraq Türkiyənin həvəskarlar liqasında mübarizə aparan “Batman Petrolspor”un şərəfini qorumuş gənc futbolçu İdmanxeber.com-a özəl açıqlama verib:
“Məşqlər qaydasında gedir. Burda bir ailə kimiyik. Bütün futbolçularla münasibətim yaxşıdı, hamısını çox istəyirəm. Ancaq daha çox vaxt keçirdiyim futbolçu Coşqun Diniyevdi”.
O, daha sonra komandada qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb:
“Antalya toplanışından sonra baş məşqçi Qurban Qurbanov mənim komandada qalıb-qalmayacağıma qərar verəcək. Hələlik mənə heç nə deyilməyib”.
Gənc yarımmüdafiəçi Superliqa və ya PTT Birinci liqa komandalarında top qova bilməməsinin səbəbinin olduğunu bildirib:
“Bunun səbəbi var. Ancaq açıqlaya bilmərəm”.
Qeyd edək ki, 19 yaşlı futbolçu Türkiyənin “Qaziantepspor” klubunun gənclərdən ibarət komandasında da çıxış edib.