İdman

“Qarabağ”ın yeni transferi: “Özümü doğrultmaq istəyirəm”

Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə qarşılaşan “Qarabağ” 2:0 hesablı qələbəyə sevindi. Matç başa çatdıqdan sonra ağdamlıların qapıçısı Boyan Şaronov jurnalistlərin suallarını cavablandırıb.

 

– Oyun haqqında düşüncələriniz necədir?

– Cəmi 15-16 gündü yeni komandamın düşərgəsindəyəm. Bu gün isə ilk oyunuma çıxdım. Qol buraxmadım. Buna görə sevinirəm. Amma mənim üçün ən vacibi qələbə idi, onu da qazandıq.

 

– “Zirə” 90 dəqiqə ərzində “Qarabağ”ın qapısı qarşısında elə bir təhlükəli epizod yaratmadı. Qapıya ilk zərbəni oyunun sonlarına doğru vurdular. Yəni, sənin işin olduqca asan oldu…

– Düzdü, bu gün meydanda çox işim olmadı. Amma əsas o idi ki, konsentrasiyanı itirməyəsən. Mən də bunu elədim. Deyərdim ki, pis də alınmadı.

 

– Komandanızın digər qapıçısı İbrahim Şehiç bosniyalıdı, sən isə serbsən. İki ölkənin siyasi münasibətlərində ciddi problemlərin olmasını bilirik. Bu, burda da özünü göstərməyəcək ki?

– Şehiç mənim yaxın dostumdu. Onu yeni tanımıram. Burda biz əl-ələ verib, “Qarabağ”ın uğurları üçün çalışırıq. Məqsədimiz komandanın həm çempionatda, həm də avrokuboklarda uğurlu çıxışına birlikdə nail olmaqdı.

 

– İnanırsan ki, Qurban Qurbanov Avropa Liqasının qarşıdakı turlarında sənə şans verəcək?

– Əsas heyətdə kimin oynaması baş məşqçinin qərarından asılıdı. Mənim üçün önəmli olan formamı itriməməyimdi. Daim yaxşı çalışıb, öz şansımı gözləyəcəm. Bu barədə nəsə deyə bilmərəm.

 

– Azərbaycana gələndə bilirdin ki, çox vaxt ehtiyatda qalacaqsan? Yoxsa əminsən ki, Şehiçi əsas heyətdən kənarlaşdıracaqsan?

– Kimin əsas, kimin ehtiyatda olacağına baş məşqçi qərar verəcək. Azərbaycana gələndə, ehtiyatda qalacağımı, yaxud əsas heyətdə olacağımı fikirləşməmişəm. Məşq edib, şans qazanmaq və özümü doğrultmaq istəyirəm. 

 

– “Xəzər Lənkəran” 4 il öncə Avropa Liqasında “Makkabi”yə 0:8 hesabıyla uduzdu. Lənkaranda keçirilən həmin matçda Hayfa klubunun qapısını sən qoruyurdun. O günü xatırlayırsan?

– Yaxşı xatırlayıram. Həmin gün şans bizim tərəfdə idi. Böyük hesabla qalib gəldik. Qapıya vurduğumuz bütün zərbələr qol oldu. Məndən fərqli, ola bilsin ki, “Xəzər Lənkəran”lılar indi o günü xatırlamır.

 

– Həmin qarşılaşmada “Xəzər Lənkəran”ın kapitanı olan Rahid Əmirquliyevlə bu gün “Qarabağ”da komanda yoldaşısız. Onunla o oyun barədə söhbətiniz düşüb?

– Az da olsa, danışmışıq.

 

– “Xəzər Lənkəran”ın artıq dağıldığını bilirsən?

– Bəli, xəbərim var. Onu da bilirəm ki, bu komanda Azərbaycanın yaxşı klublarından biri olub.

 

– Azərbaycan haqda ümumi fikrin nədi? Adaptasiya problemin var? 

– Sözun düzü, Bakıya heyran qalmışam. Bu barədə ailə üzvlərimə də demişəm. Onlara dedim ki, Bakı çox gözəl şəhərdi, yaşamağa dəyər. İlk dəfə bura gələndə şoka düşmüşdüm. Avropanın böyük şəhərlərindən heç nədə geri qalmır.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43